Süd vəzilərinin ADENOMASI


Digərləri 16 Yan 2020 23:13:00 266 0

Süd vəzilərinin ADENOMASI

Süd vəzilərinin adenozu - süd vəzilərinin fibroz-kistoz mastopatiyadır. Patologiya süd vəzilərinin ölçülərinin böyüməsi və ağrılı olması, orqanda bərk hissənin meydana çıxması, döş giləsindən ifrazatın xaric olması ilə təzahür edir.

Adenozun diaqnozu şikayətlər və anamnezin toplanması, orqanın inspeksiyası (baxış), palpasiyası və digər müayinə metodlarının (süd vəzilərinin USM-i və rentgenoqrafiyası, hormonların səviyyəsinin müəyyənləşdirilməsi, döş giləsindən xaric olan ifrazatın sitoloji analizi və biopsiya) nəticələrinə əsaslanır. Xəstəliyin müalicəsi onun formasından asılıdır; konservativ terapiya (hormonların təyini) və ya cərrahi müdaxilədən ibarətdir.

Süd vəzilərinin adenozunun səbəbləri

Adenoz süd vəzilərinin hormonal-asılı xoşxassəli törəmələrinə aiddir. Patologiyanın hormonal-asılı olması onun simptomlarının tsiklin ikinci fazasında meydana çıxması ilə təsdiqlənir.

Adenozun sinonimləri "fibrozlaşan adenoz", "mioepitelin hiperplaziyası" və ya "lobulyar skleroz"dur. Xəstəlikdən reproduktiv dövrdə olan qadınlar əziyyət çəkir; adenoz 30-40 yaşlı qadınların 30-70%-ində qeyd olunur. Ginekoloji xəstəliyi olan qadınlarda adenozun rastgəlmə tezliyi 100%-dir.

Patologiya menstruasiyanın formalaşma dövründə olan qızlarda və hamiləliyin ilk trimestrində olan qadınlarda da inkişaf edə bilər. Bu, fiziolojidir; belə ki, hormonal fon stabilləşdikdən sonra adenozun bütün təzahürləri müstəqil şəkildə keçib gedir.

Patologiyanın əsas və yeganə səbəb hormonal disbalansdır (progesteron çatışmazlığı və izafi estrogen). Hormonal disbalansa səbəb olan etioloji faktorlara aşağıdakılar aiddir:

Piylənmə.

Piy toxuması estrogen sintez edir. Artıq çəki zamanı estrogen sintezi artır; bu isə nisbi hiperestrogeniyaya gətirib çıxarır, progesteronun səviyyəsi normal qalır.

Spontan və süni abortlar. Hamiləliyin, xüsusən irəliləmiş mərhələdə (15-22 həftəlik) dayandırılması kəskin hormonal disbalansa və kompensator mexanizmlərin pozulmasına səbəb olur. Cinsiyyət hormonlarının səviyyəsi normaya dərhal qayıtmır. Bu isə endokrin problemlərin, daha çox adenozun inkişafına təkan verir.

Gecikmiş hamiləlik. 35 yaşdan böyük qadınlarda yumurtalıqların funksiyaları zəifləyir. Bu dövrdə baş vermiş hamillik yumurtalıqların fəaliyyətini aktivləşdirir; nəticədə doğuşdan sonra estrogen və progestreron sintezində disbalansa və hormonal pozulmaya səbəb olur.

Doğuşdan sonrakı aqalaktiya.

Aqalaktiya süd vəzinin parenxima hüceyrələrinin inkişafı və differensiasiyasına cavabdeh olan progesteronun çatışmazlığından və izafi estrogendən xəbər verir. Hiperestrogeniya zamanı vəzin stroması proliferasiyaya məruz qalır; progesteron çatışmazlığı vəzin epitelinin kontrolsuz inkişafına gətirib çıxarır.

Ana südü ilə qidalandırmadan imtina. Döşlə qidalandırma olmadıqda prolaktin konsentrasiyasının yüksəlməsi südün axarlarda durğunluğuna səbəb olur. Axarların mənfəzi tutulur və genişlənir; beləliklə, struktur dəyişikliklərə - kistaların əmələ gəlməsinə gətirib çıxarır.

Süd vəzilərinin adenozu həm də hiperestrogeniya fonunda inkişaf edən ginekoloji patologiyalardan (endometriumun hiperplaziyası, yumurtalıqların şişləri, uşaqlığın mioması, endometrioz) əziyyət çəkən pasientlərdə daha çox meydana çıxır. Somatik xəstəliklər (arterial hipertenziya, mədəaltı vəzin və qaraciyərin xəstəlikləri), xroniki stress, seksual pozulmalar, ekologiyanın pozulması, siqaretçəkmə hormonal pozulmaya rəvac verən tirggerlər kimi çıxış edə bilər.

Progesteron çatışmazlığı zamanı çox miqdarda əmələ gəlmiş vəzili epitel hüceyrələrinin və kollagenin differensiasiyası azalır, proliferativ proseslərin blokadası tormozlanır. Nəticədə hüceyrələr kontrolsuz bölünür, vəzi toxumasında proliferasiyanın tormozlanması pozulur. Bu, struktur və morfoloji yenidən qurmaya gətirib çıxarır: paydaxili birləşdirici toxumanın proliferasiyası və ödemi, süd yollarında vəzili epitelin proliferasiyasının aktivasiyası baş verir. Nəticədə onların mənfəzinin tutulmasına, genişlənməsinə və kistaların əmələ gəlməsinə səbəb olur.

Süd vəzilərinin adenozunun təsnifatı

Mammalogiyada süd vəzilərinin adenozunun vahid təsnifatı qəbul olunmuşdur. Törəmənin sistemləşdirilməsi vəzi toxumasının zədələnməsinin miqyası və adenozun histoloji quruluşuna əsasən aparılır. Patoloji törəmənin yayılmasından asılı olaraq iki forma ayırd edilir:

Ocaqlı (lokal). Vəzidə şar və ya disk formasında hərəkətli, iri törəmə formalaşır. Düyün fibroz kapsullu və paylı olur. Diffuz. Süd vəzisində forması və hüdudları aydın olmayan bir neçə bərk nahiyələr meydana çıxır. Törəmə qeyri-məhdud böyüyür və aydın olmayan konturlara malik olur. Vəzin parenximasında proliferasiya edən epitel hüceyrələrinin tipinə görə aşağıdakı formalar ayırd edilir:

Sklerozlaşan adenoz. Asinusların (vəzin paylarının hissəsi) proliferasiyası ilə müşayiət olunur. Bu zaman epitelial və mioepitelial qatların tamlığı saxlanır. Fibroz toxuma ilə asinusların sıxılmasına baxmayaraq, onlar öz quruluşlarını qoruyurlar.

Apokrin adenoz. Epitelin apokrin metaplaziyası (kubşəkilli epitelin silindrik epitelə keçməsi, apokrin sekresiyanın meydana çıxması) ilə xarakterizə olunur. Histoloji quruluşuna görə apokrin adenozlar infiltrasiya edən xərçəngə oxşayır; lakin o, xoşxassəlidir.

Axar adenozu. Patologiya zamanı silindrik metaplaziyalı epitel hüceyrələri ilə hüdudlanmış süd vəzilərinin axarlarının genişlənməsi baş verir. Sklerozlaşan adenozlarla oxşardır.

Mikroqrandulyar adenoz. Kiçik axarların diffuz və nizamsız inkişafı ilə müşayiət olunur. Vəzin toxumasının sklerozu və sıxılması baş vermir.