Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib


Digərləri 16 Yan 2020 20:56:00 111 0

Kargüzarlığın aparılmasına görə vəsaitin hakimlərin bank hesablarına köçürülməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası"nı təsdiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra - ehtiyatlar) satınalınması üçün nəzərdə tutulmuş vəsaitin (bundan sonra - dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait) birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir.

Bu Qaydanın məqsədi dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsaitin birinci instansiya məhkəmələrinin maddi-texniki təminat məsələlərini həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən birbaşa hakimlərin bank hesablarına köçürülməsini təmin etməkdən ibarətdir.

Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla Nazirlik tərəfindən hər ay hakimlərin əməkhaqqı kartlarına (bank hesablarına), bu məhkəmələrin aparatlarında kargüzarlığın aparılması ilə bağlı vəsaitlər isə əlavə olaraq müvafiq məhkəmə sədrlərinin əməkhaqqı kartlarına köçürülür. Həmin vəsaitlər təyinatı üzrə xərclənməlidir.

Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait Nazirlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş bölgü sxemi əsasında bölüşdürülür. Həmin bölgü sxemi il ərzində müvafiq məhkəmələr tərəfindən baxılmış işlərin orta sayı, məhkəmə

işlərinin növündən (cinayət işi, mülki iş, inzibati iş, inzibati xətalara dair iş və s.) asılı olaraq ona sərf olunan ehtiyatların orta həcmi və həmin məhkəmənin aparat işçilərinin sayı nəzərə alınmaqla tərtib edilir.