UNEC-də tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub (FOTO)


Digərləri 16 Yan 2020 19:27:53 160 0

UNEC-də tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı tədbirlərə start verilib.

Bakı. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi ilə bağlı tədbirlərə start verilib. Universitetdən Trend-ə verilən məlumata görə, ilk tədbir görkəmli alim, tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyinə həsr olunb. Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti ilə yanaşı, alimin ailə üzvləri, tələbələri və yaxınları da iştirak ediblər. Rektor Ədalət Muradov bu il Azərbaycan Dövlət İqtisad Universitetinin yaradılmasının 90 yaşının qeyd olunacağına diqqət çəkərək, yubileylə bağlı müvafiq əmr imzaladığını və tədbirlər planın təsdiqləndiyini vurğulayıb. Tədbirlər planına əsasən, UNEC-də çalışmış, universitetdə və ölkədə özündən sonra böyük izlər qoyan dəyərli alimlərimizin xatirəsinin yad edilməsinin də nəzərdə tutulduğunu qeyd edən rektor, professor Qaçay Heydərovun 100 illik yubileyinin də məhz həmin çərçivədə keçirildiyini bildirib. Rektor Qaçay Heydərovun İqtisad Universitetinin formalaşmasında və inkişafında, eləcə də ölkəmizdə müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən məzunların yetişməsində böyük rolu olan alim, ictimai xadim olduğunu vurğulayıb. O, tanınmış alimin Xalq Təsərrüfatı İnstitutunda “İqtisadi tarix” kafedrasının əsasını qoyduğunu və həmin kafedraya uzun müddət rəhbərlik etdiyini bildirib. Alimin ən böyük irsinin onun yetişdirdiyi tələbələr olduğunu deyən professor Ə.Muradov, həmin tələbələr arasında akademik Ziyad Səmədzadə kimi dəyərli alimlərin olduğunu diqqətə çatdırıb. Rektor Qaçay müəllimin Azərbaycanda nüfuzu və hörməti ilə tanınan böyük bir ailənin nümayəndəsi olduğunu, vətənini böyük məhəbbətlə sevən alimin II Dünya müharibəsində fəal iştirak etdiyini deyib. Qaçay Heydərovun insanlığın zirvəsində dayanan böyük ziyalı olduğunu deyən professor Ə.Muradov, onun həyatını da “qartal” kimi zirvədə başa vurduğunu deyib. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, akademik Ziyad Səmədzadə UNEC-in 90 illiyi münasibətilə rektorun təsdiqlədiyi tədbirlər planının əhəmiyyətindən söz açaraq, ölkənin tanınmış ziyalılarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlərin cəmiyyətimizin saflığını, gələcəyə inamını daha da artırdığını, eyni zamanda Azərbaycan təhsilinin, iqtisad elminin qorunmasına xidmət etdiyini vurğulayıb. Qaçay Heydərovun Azərbaycanda iqtisadçı mütəxəssislərin yetişməsində, o cümlədən akademikin həyatında müstəsna rol oynadığını deyən akademik Z.Səmədzadə alimin iqtisad elminin tarixinin öyrənilməsindəki böyük xidmətlərindən söz açıb. Görkəmli alimin ömrünün 50 ilə yaxın hissəsini İqtisad Universitetində çalışdığını, özünəməxsus tədris metodu ilə yüksək ixtisaslı kadrlar yetişdirdiyini, tələbələrinin sevgisini və hörmətini qazandığını bildirib. Z.Səmədzadə Ulu öndərin “Müstəqilliyin hər gününün tarixi yazılmalıdır” fikirlərinə diqqət çəkərək, iqtisad elminin tarixinin öyrənilməsinin vacibliyindən də danışıb. Bu gün də dünyanın bütün ölkələrinin öz iqtisadi tarixinin öyrənilməsi üçün müxtəlif tədqiqatlar apardıqlarını bildirib.