Aprelin 1dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik?


Digərləri 16 Yan 2020 18:24:00 143 0

Aprelin 1dən xəstəxanalardakı xidmətlərə görə əlavə pul ödəyəcəyik?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanda müştərək maliyyələşmə məbləğinin tətbiqinə hansı ərazilərdən və hansı formada başlayacağını açıqlayıb.

Agentlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müştərək maliyyələşmə məbləğinin tətbiqinə 1 aprel 2020-ci ildən başlanılacaq. Lakin bu mexanizm həmin tarixdən bütün ölkə üzrə tətbiq edilməyəcək. Yeni mexanizm yalnız icbari tibbi sığorta sisteminin tətbiq olunacağı əraziləri əhatə edəcək. Başqa sözlə, icbari tibbi sığorta sisteminin tətbiq olunacağı ərazilərin əhatə dairəsi genişləndikcə, paralel olaraq, müştərək maliyyələşmə mexanizminin tətbiq ediləcəyi rayon və şəhərlərin də sayı artacaq. İcbari tibbi sığorta sistemi tətbiq edilməyən ərazidə yaşayanlar isə bu sistem həmin ərazidə tətbiq edilənə qədər ətraf rayon və şəhərlərin tibb müəssisələrindəki xidmətlərdən müştərək maliyyə məbləği ödəmədən istifadə edə biləcəklər.

Agentlikdən qeyd edilib ki, birinci mərhələ üzrə artıq 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta 23 regionda tətbiq olunur. Qeyd olunan regionlara Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax daxildir. Eyni zamanda 1 yanvar tarixindən Naxçıvan Muxtar Respublikasının ərazisində icbari tibbi sığorta tətbiq edilir. Muxtar Respublikada icbari tibbi sığortanın tətbiqini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

İkinci mərhələdə 1 aprel tarixindən 21 region - Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sözügedən sistemə qoşulacaq.

1 aprel tarixindən müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanıldığı üçün artıq həm birinci, həm də ikinci mərhələdə icbari tibbi sığorta sisteminə qoşulan regionlarda müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq.

Üçüncü mərhələdə bu mexanizm 1 iyul tarixindən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılan 15 regionda - Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul, Şirvan, Sabirabad, Cəbrayılda həyata keçiriləcək.

Dördüncü mərhələdə - 1 oktyabr tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortadan istifadə edəcək.