Bakı Slavyan Universitetində “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilib (FOTO)


Digərləri 16 Yan 2020 18:29:27 144 0

Bakı Slavyan Universitetində “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilib (FOTO)

Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.

Bakı. Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Universitetdən Trend-ə verilən məlumata görə, BSU-dan verilən xəbərə görə, yanvarın 16-da bu ali təhsil müəssisəsində Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin canlı şahidləri ilə görüş keçirilib, onların həmin məşum günlə bağlı xatirə və çıxışları dinlənilib. Yanvarın 16-da BSU-da həm də Mədəni-kütləvi tədbirlərin təşkili şöbəsinin və Gənc Yaradıcılar Klubunun birgə təşkilatçılığı ilə “Dualarda yaşayan şəhidlər” adlı tədbir keçirilib. Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan BSU-nun Tərbiyə işləri üzrə prorektoru Xanım Sultanova bildirib ki, biz bu gün universitetdə 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş növbəti tədbiri keçiririk. 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın tarixinə həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq mübarizəsində böyük rol oynadı. Bu gün Azərbaycan müstəqil, həyatımızın bütün sahələrində sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri olan bir dövlətdir. Qədirbilən xalqımız həmişə 20 Yanvar faciəsi qurbanlarının xatirəsini əziz tutur. Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov çıxışında qeyd edib ki, bu günlər xalqımız bir daha 20 Yanvar şəhdilərinin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir. Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs məkandır. Çıxışında 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə geniş danışan dosent Ə.Əmirov bildirib ki, xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək bu faciəyə öz etirazını bildirmiş, faciəni qətiyyətlə pisləyən bəyanat vermişdir. Yalnız ulu öndərimiz Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə gəldikdən sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 20 Yanvar faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də faciə zamanı əlil olmuş şəxslərə və bu qəbildən olan bütün vətəndaşlara yüksək diqqət və qayğı göstərirlər. Sonra 20 Yanvar faciəsi haqqında videoçax nümayiş etdirilib.