İpoteka və Kredit Zəmanət Fondunun ötən ilki mənfəəti 18,6 mln manata çatıb


İqtisadiyyat 16 Yan 2020 13:03:11 89 0

İpoteka və Kredit Zəmanət Fondunun ötən ilki mənfəəti 18,6 mln manata çatıb

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 2018-ci illə müqayisədə 10,2% artaraq 1,41 mlrd manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln manat olub.

2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 2018-ci illə müqayisədə 10,2% artaraq 1,41 mlrd manat, illik bölüşdürülməmiş mənfəəti isə 18,6 mln manat olub.

“Report” xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Fond tərəfindən 2019-cu il ərzində illik 3% dərəcəsi ilə ümumi həcmi 150 mln manat olan ipoteka istiqrazları yerləşdirilib. Ümumilikdə, 2009-cu ilin may ayından başlayaraq Fond tərəfindən daxili kapital bazarında qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb edilmiş maliyyə vəsaitlərinin həcmi 1,005 mlrd manata çatıb. Bu vəsaitlər adi ipoteka kreditlərinin (25 ilədək müddətinə, illik 8%) maliyyələşdirilməsinə yönəldilib.

Açıqlamada bildirilir ki, cəlb olunmuş vəsaitlərdən 281,1 mln manat məbləğində istiqraz üzrə öhdəliklər tam şəkildə yerinə yetirilib. Hazırda Fondun dövriyyədə olan istiqrazlarının həcmi 723,9 mln manat təşkil edir, bu da daxili qiymətli kağızlar bazarının mühüm hissəsini təşkil edir.

"Ötən il, həmçinin, “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı qüvvəyə minib. Müvafiq Fərmanla Fondun yalnız ipoteka kreditləşməsi üzrə deyil, eyni zamanda sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmləri üzrə də elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunması təsdiq edilib. Nəticə etibarilə, hesabat dövründə Fondun yeni “Elektron ipoteka və kredit zəmanət sistemi” əhalinin və Fondun müvəkkil təşkilatlarının istifadəsinə verilib. Müasir bulud texnologiyası üzərində qurulan yeni sistemlə Fondun əməliyyatlarının və fəaliyyət istiqamətləri üzrə xidmətlərin avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb", - məlumatda qeyd olunur.

Bununla yanaşı, ölkədə ipoteka kreditləşməsi mexanizminin inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, “ASAN ödəniş” sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.