Xalça satışının genişləndirilməsi Emal Mərkəzinin yaradılmasından və fəaliyyətinin təşkilindən asılıdır


Digərləri 16 Yan 2020 17:02:11 152 0

Xalça satışının genişləndirilməsi Emal Mərkəzinin yaradılmasından və fəaliyyətinin təşkilindən asılıdır

2016-cı ildə yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin respublika ərazisində 21 filialı fəaliyyət göstərir.

Bakı. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. 2016-cı ildə yaradılan "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin respublika ərazisində 21 filialı fəaliyyət göstərir. Cəmiyyətdən Trend-ə verilən məlumata görə, filiallar yaradılarkən, ilk növbədə, daha çox tarixi ənənələrə malik xalçaçılıq məntəqələrinə, peşəkar toxucusu çox olan rayonlara üstünlük verilib. Bunu kütləvi informasiya vasitələrinə açıqlamasında “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov deyib. O bildirib ki, 2019-cu il ərzində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında 2 min 555 ədəd, 8 min 836 kvadratmetr xalça toxunub. Cəmiyyətin filialları arasında ən məhsuldarı Lənkəran şəhərindəki xalça istehsalı emalatxanasıdır. Belə ki, 2019-cu ildə Lənkəran filialında 900 kvadratmetr xalça istehsal olunub. “Azərxalça”nın fəaliyyəti dövründə, ümumilikdə, 4 min 292 ədəd, 14 min 770 kvadratmetr xalça toxunub. Həmin xalçaların 4 min 559 kvadratmetri satışa hazırlanıb ki, onun da 1919 kvadratmetri, təqribən, 50 faizi satılıb. “Azərxalça”nın istehsalı olan məhsulların satışının intensivləşməsi Hazır Xalçaların Emalı Mərkəzinin yaradılmasından asılıdır. Hazır xalçanın emalı ilə bağlı insanlarda o qədər də təsəvvür yoxdur. Ancaq dünya bazarı bunu tələb edir. Xalça hanadan kəsildikdən sonra o, emal olunmalıdır. Yəni xalça yuyulmalı, dartılmalı, ütülənməli, beləliklə, satışa hazır vəziyyətə gətirilməlidir. Xalçanın təbii boyalarla boyanmış iplərdən toxunduğu, keyfiyyəti emaldan sonra üzə çıxır. Ona görə də dünya bazarında emaldan keçməmiş xalçanı almırlar. Xalça ticarəti ilə məşğul olan şirkətlərin əsas tələbi xalçanın emal edilməsidir. Bu mərkəz fəaliyyətə başladıqdan sonra istehsal etdiyimiz xalçaların satışa çıxarılması prosesi intensivləşəcək, bizim məhsullarımızın hamısı daxili və xarici bazarda satılacaqdır. Artıq Emal Mərkəzinin layihə-smeta sənədləri hazırlanıb. Yaxın gələcəkdə mərkəzin tikilməsi nəzərdə tutulub.