Enerji içkilərdən istifadə orqanizmin zəifləməsinə səbəb olur


Digərləri 15 Yan 2020 21:25:00 121 0

Enerji içkilərdən istifadə orqanizmin zəifləməsinə səbəb olur

Enerji içkiləri iki kateqoriyaya ayrılır. Birinci qrupa kofein həcmi artıq olan, ikinci qrupa isə karbohidratın həcmi çox olanlar daxildir. Kofeini yüksək içkilərə gənclər daha çox üstünlük verir. Karbohidratı çox olan içkilərdən isə əsasən idmanla məşğul olanlar istifadə edir. Həmin içkilərin təsiri təxminən 3-4 saat davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov enerji içkilərinin uşaqların, hamilə qadınların və ürək-damar xəstəliyindən əziyyət çəkənlərin qəbul etməsinin çox təhlükəli olduğunu deyir: "Tərkibi kofeinlə zəngin olan energetik içkilərin qəbulu süni stimulyator təsiri göstərir, yəni orqanizmdə bütün enerji mənbələrini süni olaraq kəskin şəkildə gücləndirir, bu isə xüsusilə ürək-damar sisteminə çox ciddi təzyiq yaradır və nəticədə ürək-damar sistemi normal olduğundan qat-qat artıq işləyir".

Enerji içkilərinin təsiri keçdikdən sonra insanda yorğunluq hissi yaranır. İdmanla məşğul olduqdan sonra isə içilən enerji içkisi qan təzyiqinin yüksəlməsinə, qan-damar sisteminin hərəkət prosesinə ciddi təsir göstərir. Mütəxəssislər bu içkiləri təbii şirələrlə əvəz etməyi daha məqsədəuyğun sayırlar.

Həkim-terapevtin dediyinə görə, alma, kök, çuğundur, nar, armud kimi meyvə və tərəvəzlərdən hazırlanan və gündə 1 və ya 2 stəkan qəbul edilən təbii şirələr süni stimulyator içkilərini tamamilə əvəz edə bilər.

10 qram kofein insan üçün təhlükəlidir. Bu isə 150 ədəd enerji sərfi deməkdir. Belə içkilər qısamüddətli yaxşı əhval-ruhiyyə yaradır, süni enerji artımı isə orqanizmin zəifləməsinə səbəb olur.