Görülən işlər və həllini gözləyən əsas vəzifələr gömrük siyasəti ilə bağlı müəyyən edilən şəffaflıq prinsipinə işıq salır


Digərləri 15 Yan 2020 19:03:42 127 0

Görülən işlər və həllini gözləyən əsas vəzifələr gömrük siyasəti ilə bağlı müəyyən edilən şəffaflıq prinsipinə işıq salır

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

Bakı. Elgün Mənsimov – Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər - Mən TIR sistemində çalışdığım üçün ayda bir neçə dəfə Azərbaycana gəlməli oluram, hər dəfə də təbii olaraq bütün gömrük prosedurlarını keçirəm. Bir neçə il bundan əvvəl Azərbaycana gələndə gömrük postunda xeyli problemlə rastlaşırdıq. Bəzən saatlarla növbədə gözləməli olurduq, gah deyirdilər kompüter sistemi işləmir, gah da müxtəlif səbəblərdən əngəllər yaradılırdı. İndi isə hər şey çox rahatdır, bütün sənəd işlərimizi bir pəncərədən həll edib asanlıqla ölkəyə keçə bilirik. Bunu bizimlə söhbətində Mazımçay Gömrük Sərhəd Keçid Məntəqəsindən Azərbaycan istiqamətində hərəkət edən yük maşınının sürücüsü, Türkiyə vətəndaşı Mustafa Uğur dedi. Sözügedən sərhəd keçid məntəqəsində olarkən digər sürücülər, sərnişinlər, eləcə də turistlər kimi onun da sənədləşmə və yoxlama prosesinin “Yaşıl dəhliz”də çox rahatlıqla və qısa müddətdə həll edildiyinin şahidi olduq. Bundan başqa, ümumi gömrük prosedurlarını, sərhədkeçmə prosesini və bu proseslərin icrası zamanı şəffaflığın tam təmin edildiyini görmək şansımız oldu. Öyrəndik ki, avtomobillərin yoxlanışı zamanı riskli maşınlara xüsusi çiplər quraşdırılır. Bu GPS vasitəsilə nəqliyyat vasitəsi təyinat nöqtəsinədək izlənilir. Marşrut xəttindən çıxdıqda və ya dayandıqda, qəza törətdikdə avtomatik olaraq nəzarət gömrük məntəqəsinə siqnal gedir. Və dərhal bu istiqamətdə müvafiq zəruri tədbirlər görülür. Burada riskli nəqliyyat vasitəsi dedikdə şübhəli və ya bir neçə dəfə hərəkət istiqamətini dəyişən yük avtomobilləri nəzərdə tutulur. “Yaşıl dəhliz” - Vaxt və əlavə vəsait itkisini aradan qaldırır, vətəndaş-məmur təmasını minimuma endirir Sərhəd keçid məntəqəsində Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabovla danışmaq imkanımız oldu. İdarə rəisi bildirdi ki, Prezident İlham Əliyev tərəfindən Dövlət Gömrük Komitəsinin qarşısında mühüm vəzifələr qoyulub. Əsas məqsəd isə şəffaflığın təmin olunması, gömrük-biznes münasibətlərinin daha da gücləndirilməsi, ölkənin ixrac və tranzit potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə nail olmaqdır. M.Vahabov vurğuladı ki, 2019-cu ilin fevral ayının 1-dən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sistemi vaxt və əlavə vəsait itkisinin aradan qaldırılmasına, idxal-ixrac əməliyyatlarının maneəsiz və asan şəkildə həyata keçirilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə şərait yaradıb. Sərhəddən qanunsuz keçirilən malların taleyi necə olur? Daha sonra Mazımçay Gömrük Sərhəd Keçid Məntəqəsinin müvəqqəti saxlanc ambarına baş çəkdik. Məlumat verildi ki, gömrük xəttini keçərkən özü ilə qanunvericilikdə nəzərdə tutulandan artıq məhsul və ya avadanlıq gətirənlərin həmin malları alınaraq müvəqqəti saxlanc məntəqəsində saxlanılır və bunların hər biri qeydiyyata alınır. Vətəndaş daha sonra 3-4 ay ərzində müvafiq prosedurlardan keçməklə gəlib öz məhsulunu götürür. Bu müddət ərzində həmin məhsullar götürülməzsə, komissiyanın qərarı ilə onlar məhv edilir. Anbarda əsasən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarına uyğun olaraq, ay ərzində 30 kq-dan artıq gətirdiyi məhsullar saxlanılır. Bu məhsulların içərisində əsasən müxtəlif növ spirtli içkilər, yağlar, enerji içkiləri, maşın yağı, salfetka və digər məhsullar üstünlük təşkil edir. Dövlət Gömrük Komitəsinin sərhəd keçid məntəqələrinin ümumi işindən danışarkən xüsusi təlim görmüş sərhədçi itlərin fəaliyyətini qeyd etməmək mümkün deyil. Ona görə ki, bu itlər bəzən müasir avadanlıqlardan daha böyük məharət sərgiləyirlər. Xüsusən də avtomobil vasitələrinin müxtəlif nahiyələrində gizlədilən narkotik vasitələrin aşkarlanmasında bu itlərin əvəzsiz rolu var. Prosesə canlı şahidlik etmək olduqca maraqlı və təəccüblü idi. Hətta sərhəd keçid məntəqəsindən paytaxt Bakıya dönər-dönməz bu itlərin necə hazırlandığını, onlara hansı formada təlimlərin keçirildiyini öyrənmək həvəsinə düşdük. Kinoloji Mərkəzin itləri gömrük xidmətinin operativliyini artırır Beləliklə, Dövlət Gömrük Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin dəstəyi ilə komitənin Kinoloji Mərkəzinə yollandıq. Mərkəz Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsində yerləşir, 2003-cü ildə istifadəyə verilib. Dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni anda 100 baş xidməti it bəsləmək, onlara tibbi qulluq göstərmək və təlim vermək imkanı var. Mərkəzdə, həmçinin, cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması da həyata keçirilir. Əsas məqsəd isə sərhəd keçid məntəqələrində narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz, iy, eləcə də bütün növ obyektlərin mühafizəsi üzrə itlərin hazılanmasıdır. Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov dedi ki, Azərbaycan 12 dövlətə xidməti itlər ianə edib: “Hazırda Mərkəzdə alman çoban iti, malinua, holland çoban iti, “Golden Retriever”, “Labrador retriver”, “Cocker” və s. cinslər saxlanılır. Kinoloji Mərkəzdə təlim alan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olublar. Hətta "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb”. Mərkəzdə bir itin saxlanma xərclərinə gəldikdə, bu da onun cinsindən və çəkisindən asılı olaraq, ildə 1000-2000 min manat arasında dəyişir. Kinoloji Mərkəzdə olan itlərin hamısı şimal, cənub, qərb sərhəd-keçid məntəqələrində, hava nəqliyyatı, Bakı Baş Gömrük İdarəsi, enerji, dəniz ticarəti və s. kimi yerlərdə xidmət göstərir. İtlərin təlim meydançasıda istismar müddəti bitmiş onlarla avtomobil, eləcə də Qatar vaqonu və təyyarə maketləri yer alır. Yəni itlərə birbaşa həmin avtomibillər və maketlər üzərində təlim keçirilir. Məsələn, kiçik bükümdə olan narkotik vasitə avtomobilin və ya vaqonun müxtəlif yerlərində gizlədilir, it isə onu tapıb çıxarır. Prosesə elə oradaca canlı şahidlik etdik. Bizim müşahidəmizlə avtomobilin ən ağılagəlməyən yerlərində gizlədilən təlim məqsədli narkotik vasitəni “Leydi” ləqəbli it çox asanlıqla tapdı. Təlimçilərin dediyinə görə, itlər əsasən oyun sistemi ilə hazırlanır. Axtarış zamanı itlər aktiv və ya passiv reaksiya verə bilər. Aktiv reaksiyada onlar səs çıxarır, cırmaq atır, yeri qazır və ya hürürlər, passiv reaksiyada isə narkotik vasitəni tapdığı yerə uzanır və ya otururlar. Qeyd edək ki, sözügedən mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası da fəaliyyət göstərir. Klinikada itlərin müayinə və müalicəsi üçün bütün imkanlar var.