Ötən il büdcə proqnozu 4,5%-dən artıq icra edilib


İqtisadiyyat 15 Yan 2020 12:43:05 109 0

Ötən il büdcə proqnozu 4,5%-dən artıq icra edilib

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln manat, xərcləri 24 404,8 mln manat olub

2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln manat, xərcləri 24 404,8 mln manat olub.

Bu barədə “Report” Azərbaycan Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 24 199,6 mln manat və ya proqnoza qarşı 1031,6 mln manat çox (4,5% çox) icra olunub. Bu 2018-ci illə müqayisədə 1690,7 mln manat və ya 7,5% çoxdur.

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 10595,1 mln manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 1127,4 mln manat və ya 11,9%, 2018-ci illə müqayisədə isə 1486,7 mln manat və ya 16,3% çoxdur.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7672,1 mln manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 356,1 mln manat və ya 4,9%, 2018-ci illə müqayisədə isə 256,6 mln manat və ya 3,5% çoxdur.

Gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 4408,6 mln manat vəsait daxil olmuşdur ki, bu da proqnoza nisbətən 706,6 mln manat və ya 19,1%, 2018-ci illə müqayisədə isə 974,6 mln manat və ya 28,4% çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 11364,3 mln manat vəsait transfert edilib.

2019-cu ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 590,1 mln manat, sair daxilolmalardan 164,5 mln manat vəsait dövlət büdcəsinə daxil olub.

2019-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin mədaxili 7328,4 mln manat icra olunub.

Nazirlik büdcə xərcləri ilə də bağlı məlumat verib.

Belə ki, 2019-cu ildə dövlət büdcəsinin xərcləri 96,9% və ya 24404,8 mln manat icra edilmişdir ki, bu da 2018-ci illə müqayisədə 1673,2 mln manat və ya 7,4% çoxdur.

2019-cu il ərzində dövlət büdcəsi xərclərinin 13514,4 mln manatı və ya 55,4%-i cari xərclərə, 9366,1 mln manatı və ya 38,4%-i əsaslı xərclərə, 1524,3 mln manatı və ya 6,2%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2019-cu ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 7714,2 mln manat icra olunub.

Dövlət büdcəsinin kəsirinə gəlincə isə 2019-cu ilin dövlət büdcəsinin kəsiri 205,2 mln manat təşkil edib ki, bu da proqnozlaşdırılan 2022 mln manat kəsirdən 1816,8 mln manat və ya 9,9 dəfə azdır.

Kəsirin maliyyələşdirilməsi dövlət istiqraz vərəqələrinin satışından, dövlət əmlakının özəlləşdirməsindən daxil olan vəsait və vahid xəzinə qalığı hesabına həyata keçirilib.

İcmal büdcənin məlumatlarında isə göstərilir ki, 2019-cu ilin icmal büdcəsinin gəlirləri 33818,3 mln manat olub və bu da proqnoza nisbətən 4583,5 mln manat və ya 15,7%, 2018-ci illə müqayisədə isə 2893,6 mln manat və ya 9,4% çoxdur.

2019-cu ilin icmal büdcəsinin xərcləri 26475,6 mln manat 96,7% təşkil edib.

2019-cu ilin icmal büdcəsində 7342,7 mln manat büdcə artıqlığı (profisit) yaranmışdır ki, bu da proqnoza (1863,9 mln manat) nisbətən 5478,8 mln manat və ya 3,9 dəfə çoxdur.