“AzerGold” QSC ali məktəblərlə əməkdaşlığı uğurla davam etdirir (FOTO)


Digərləri 15 Yan 2020 12:40:21 130 0

“AzerGold” QSC ali məktəblərlə əməkdaşlığı uğurla davam etdirir (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir.

Bakı. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Səhmdar Cəmiyyət bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir sıra ali məktəblərlə əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Trend-in məlumatına əsasən, ötən il ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), ADA Universiteti və Azərbaycan Texniki Universiteti (ATU) ilə müvafiq razılaşmalara uyğun olaraq aidiyyatı ixtisaslar üzrə təhsil alan tələbə və müəllim heyətlərinin Çovdar filiz emalı sahəsinə bir sıra səfərləri təşkil olunub, Səhmdar Cəmiyyətin mütəxəsisləri tələbələrə mühazirələr oxuyub, ustad dərsləri keçərək, müxtəlif təqdimatlar edib, eləcə də stimullaşdırıcı tədbirlər vasitəsilə peşəkar mütəxəsislərin yetişdirilməsinə öz töhvələrini veriblər. Ötən il ərzində Cəmiyyətin inzibati binasında və Çovdar filiz emalı sahəsində yaz və yay istehsalat-təcrübə proqramlarını uğurla başa çatdırmış 52 tələbəyə Cəmiyyətin sertifikatları təqdim edilib. Həmçinin hər iki təcrübə proqramı iştirakçıları arasında keçirilən ənənəvi “Mənim təcrübə hekayəm” adlı yazı müsabiqəsinin qalibləri də mükafatlara layiq görülüblər. “AzerGold” QSC-nin mütəxəssisləri tərəfindən adları çəkilən universitetlərdə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri, “Universitetdən karyeriyaya uğurlu keçid”, “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” kimi mövzularda seminar-mühazirələr təşkil edilmişdir. Bununla yanaşı, “AzerGold” QSC ADA Universiteti, BDU, AzMİU, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, UTECA, ADNSU, ADAU, Bakı Biznes Universiteti və Kooperasiya Universitetlərində təşkil olunmuş ümumilikdə 12 karyera sərgisində iştirak etmişdir. “AzerGold” QSC-yə fərdi qaydada təcrübə keçmək üçün müxtəlif yerli və xarici ali təhsil ocaqlarının tələbə və məzunları da mütəmadi olaraq müraciət edirlər. Səhmdar Cəmiyyət həmin gənclərə müvafiq sahələrdə öz bilik və bacarıqlarını artırmaqda daim dəstək olur, onların təcrübə keçmələri üçün lazımi şərait yaradır. Son olaraq Azərbaycan Dillər Universiteti, Bakı Mühəndislik Universiteti, Türkiyənin Karadeniz Teknik və Namik Kemal universitetləri, Almaniyanın Freyberq və Klausthal Texnologiya universitetlərinin müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlarına “AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub.