"Anglo-Asian Mining” hasilatını azaldıb


İqtisadiyyat 15 Yan 2020 12:13:56 97 0

"Anglo-Asian Mining” hasilatını azaldıb

​"Anglo-Asian Mining” hasilatını azaldıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin 2019-cu il ərzində Gədəbəy ərazisində hasilatı 1,1% azalaraq 82 795 unsiya qızıl ekvivalenti olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin 2019-cu illə bağlı hesabatında qeyd olunub.

Hesabat dövründə qızıl hasilatı 70 098unsiya, mis hasilatı 2 210 ton, gümüş hasilatı isə 159 356 unsiya təşkil edib. Qızıl hasilatında 4%, gümüş hasilatında 24% azalma, mis hasilatında isə 34% artım qeydə alınıb.

Ümumi hasilatın 21 284 unsiyası IV rübün payına düşüb. Bu isə ötən ilin müvafiq dövründən 3% azdır.

Şirkət 2019-cu ilin IV rübündə 17 907 unsiya qızıl, 729 ton mis, 41 686 unsiya gümüş hasil edib. Qızıl hasilatı ötən ilin müvafiq dövründən 1,66%, gümüş hasilatı 36,7% az, mis hasilatı 24% çox olub.

“Anglo-Asian Mining” 2019-cu ildə 54 061 unsiya qızıl külçə satıb və hər külçə üçün orta satış qiyməti 1 410 dollar təşkil edib. 2018-ci ildə isə orta hesabla 1 265 dollar qiymətinə 59 481 unsiya qızıl külçə satılıb.

Şirkət IV rübdə 12 509 unsiya qızıl külçə satıb və hər unsiya üçün orta satış qiyməti 1 481 dollar təşkil edib.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.