Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


Digərləri 15 Yan 2020 12:06:00 128 0

Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi bu gün ictimaiyyətə təqdim olunub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan turizm sektoru nümayəndələrinin etik kodeksi bu gün ictimaiyyətə təqdim olunub. On maddədən ibarət olan tövsiyə xarakterli sənəddə ümumi turizm qaydaları və etik normalar öz əksini tapıb. Trend-in məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanan etik kodeksin turizm sektorunun bütün nümayəndələri, o cümlədən turistlər üçün nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, turistlərin təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi öz əksini tapıb. Bundan başqa, turizm prosesi iştirakçılarının vəzifələri, turistlərin və turizm subyektlərinin hüquqları, yerli əhalinin turizm fəaliyyətinə cəlb edilməsinə də xüsusi yer ayrılıb. Rufət Hacıyev, eyni zamanda turizm agentliklərinin göstərdiyi xidmətin keyfiyyətini artırmaq və müştəri məmnunluğunu təmin etmək üçün assosiasiyaya üzv olan agentliklərlə müştərilər arasında mütləq formada ikitərəfli müqavilə imzalanacağını da diqqətə çatdırıb.