Prezident İlham Əliyev: Neftqaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaqdır


Siyasət 15 Yan 2020 05:31:00 117 0

Prezident İlham Əliyev: Neftqaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaqdır

Azərbaycan o ölkələrdəndir ki, neft-qaz yataqları ölkəmizə tərəqqi, xoşbəxtlik, inkişaf gətirdi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasimdə deyib.

Dövlət başçısı bildirib:

"Azəri-Çıraq-Günəşli"nin müstəqillik dövründə işlənilməsi tarixi hadisədir. Çünki bugünkü Azərbaycanın inkişafını "Azəri-Çıraq-Günəşli"siz təsəvvür etmək mümkün deyil. Bu yatağın işlənilməsi və yataqdan hasil olunan neft bugünkü Azərbaycanın inkişafını təmin edir, iqtisadi müstəqilliyini şərtləndirir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyimizi möhkəmləndirir. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağının kəşf edilməsi və işlənilməsi doğrudan da tarixi hadisədir. Bu yaxınlarda bu yatağın işlənilməsi müddətinin uzadılmasını da biz təmin etdik və bu yataq ən azı 2050-ci ilə qədər istismarda olacaqdır.

Siz də yaxşı xatırlayırsınız ki, "Azəri-Çıraq-Günəşli" üzrə kontrakt imzalananda təxmini ehtiyatlar xarici tərəfdaşlar tərəfindən 511 milyon ton səviyyəsində müəyyən edilmişdi. Hətta biz təəccüb edirdik ki, bu, dəqiqliklə necə hesablana bilər? Ancaq siz də o vaxt tam əminliklə deyirdiniz ki, bu yataqda daha çox neft resursları var. Hazırda xarici tərəfdaşların hesabatına əsasən bu yataqda ən azı 1 milyard ton neft vardır. Amma şübhəsiz, gələcək illərdə, xüsusilə yeni texnologiyalar tətbiq olunduqda, hesab edirəm ki, bu yataqdan daha çox neft çıxarılacaqdır.

Bu gün biz Azərbaycanın uğurları haqqında danışanda, əlbəttə ki, neft-qaz sənayesində əldə olunmuş nailiyyətləri, neftçilərimizin əməyini xüsusi qeyd etməliyik. Neftçilərin qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün müstəqil Azərbaycan uğurla inkişaf edir. Neftdən əldə olunan gəlirləri ədalətli şəkildə idarə etmək, onları insanlara çatdırmaq, ölkə qarşısında duran əsas vəzifələrə yönəltmək, əlbəttə ki, siyasi rəhbərliyin böyük zəhməti hesabına və düşünülmüş siyasət nəticəsində mümkün olmuşdur. Neftlə zəngin olan bir çox ölkələrdə, əksinə, neft xeyir yox, ziyan, problemlər gətirir, qanlı toqquşmalar baş verir. Biz tarixdən yaxşı bilirik ki, neft uğrunda mübarizə əksər hallarda çox böyük çətinliklərə, faciələrə gətirir. Azərbaycan isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış neft strategiyasını uğurla icra edərkən neftdən əldə olunmuş gəlirləri ölkəmizin ümumi inkişafına yönəltdi. Məhz buna görə bu gün adambaşına düşən valyuta ehtiyatlarına görə biz MDB məkanında birinci yerdəyik. Azərbaycanda yoxsulluq səviyyəsi 4,8 faiz ətrafındadır. Bu, onu göstərir ki, neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür və son illərdə ölkəmizdə yaşanan tərəqqi məhz bu amilə söykənir. İnfrastruktur layihələri icra olunub, 16 min kilometr yol çəkilibdir. Bu gün yol infrastrukturuna görə biz aparıcı ölkələr sırasındayıq. Biz vaxtilə elektrik enerjisindən korluq çəkirdik, onu xaricdən idxal edirdik. Bu gün biz ixrac edirik və bizdə min meqavatdan artıq generasiya gücü var. Buna nəyin hesabına nail olmuşuq? Neft-qaz sektorunda görülən işlər hesabına.

Eyni zamanda, vətəndaşların sosial problemlərinin həlli də birbaşa neft-qaz sahəsində görülən işlərlə bağlıdır - əməkhaqlarının, pensiyaların, müavinətlərin artırılması, sosial infrastrukturun yaradılması. Yəni, böyük işlər görülübdür, 3300-dən çox məktəb, 700-dən çox tibb ocağı tikilibdir. Bütün bu işlərin əsas mənbəyi neftdən əldə edilmiş gəlirlər və bu gəlirlərdən düzgün istifadə olunmasıdır.

Ona görə Azərbaycan xalqı qarşısında sizin çox böyük xidmətləriniz vardır. Çünki sizin biliyiniz, təcrübəniz, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi dövründə xarici tərəfdaşlarla apardığınız işlər bugünkü Azərbaycanın uğurlu inkişafını təmin edir.

Təbii ki, biz hazırda daha çox qeyri-neft sektoruna diqqət yetiririk, istəyirik bu sektor inkişaf etsin. Ancaq heç kəs unutmamalıdır ki, Azərbaycan iqtisadiyyatının əsası, yəni, bel sütunu neft-qaz sektorudur. Neft-qaz sektoru bundan sonra onilliklər ərzində Azərbaycanın aparıcı sektoru olacaqdır. Əlbəttə, biz çalışacağıq və əminəm buna nail olacağıq ki, qeyri-neft sektoru da inkişaf etsin. Keçən ilin göstəriciləri bunu əyani şəkildə sübut edir. Ancaq hər kəs bilməlidir ki, neft-qaz sektoru aparıcı sektordur. Bu da təbiidir. Çünki neftin vətəni Azərbaycandır. Dənizdən ilk dəfə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıb. Müasir dövrdə Azərbaycan yeni texnologiyalar əsasında öz neft-qaz potensialını tam şəkildə işə salıbdır. Nəhəng neft-qaz kəmərləri inşa olunubdur, neftdən əldə olunmuş gəlirlər hesabına böyük nəqliyyat layihələri icra edilibdir. Bu gün Azərbaycan bütün parametrlər üzrə inkişaf etmiş ölkələrin səviyyəsinə yaxınlaşır. Əminəm ki, gün gələcək Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz yerini tapacaqdır".