Həqiqi ağıl sahibləri


Digərləri 14 Yan 2020 23:55:00 188 0

Həqiqi ağıl sahibləri

Bismilləhir-Rahmənir-Rahim!

Əyyami-Fatimə (s.ə) günlərini yaşayırıq. Bu əyyam - Həzrət Fatimənin (s.ə) dünyadan getməsi ehtimalını ehtiva edən tarixlərin arasında olan günlərdir. Bu əyyam elə günlərdəndir ki, məzhəbindən, firqəsindən asılı olmayaraq, bütün müsəlmanların ürəyi qan ağlayır. Bu günlərdə Həzrət Zəhra (s.ə) - Peyğəmbərimizin (s) "gözümün işığı" adlandırdığı iffət və sədaqət rəmzi olan Xanım dünyasını dəyişmişdir.

İlahi qəzəbin və İlahi məhəbbətin meyarı

Həzrət Zəhra (s.ə) - bu müqəddəs xanım - Əhli-Beytin (ə) mübarək üzvüdür. Həmin o Əhli-Beytin (ə) ki, müqəddəs Kitabımızda onlara məhəbbətin vacibliyi barədə Allah Təala belə buyurub: "Ey Peyğəmbər! (İman gətirənlərə) de: Öz risalətim üçün sizdən, mənim Əhli-Beytimə (ə) məhəbbətdən başqa bir minnətdarlıq istəmirəm". ("Şura" surəsi, 23).

Həzrət Zəhranın (s.ə) mübarək timsalında bəşəriyyət İslamın qadına verdiyi ən yüksək dəyəri görmüşdür. Bir toplumda ki, təzə dünyaya gəlmiş qız uşağını diri-diri torpağa basdırırdılar, bir toplumda ki, qadın əşya kimi qəbul edilirdi, heç bir hüququ yox idi - burada Peyğəmbərimizin (s) mübarək bağının nəcib meyvəsi olan Həzrət Zəhra (s.ə) kimi bütün dövrlərə ibrət olan bir insan irəli çıxır və əsrlərin ətalətini dağıdaraq, qadının həqiqi dəyərini insanlara çatdırır.

Bəli, İslam dini gəlir və qadının həqiqi dəyərini verir. Bunun ən yaxşı təzahürünü Həzrət Zəhranın (s.ə) timsalında görürük. Qadınların simvolu olan bu Xanım (s.ə), bir funksiya ilə müəyyənləşdirilir ki, misli belə yoxdur. Həzrət Zəhra İlahi qəzəbin və İlahi məhəbbətin meyarı kimi bəşəriyyətə tanıtdırılır.

Həzrət Peyğəmbərdən (s) nəql edirlər: "Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir, məni qəzəbləndirmişdir; o şey ki, onu sevindirir, məni sevindirmişdir. O, Əhli-Beytdən mənə qovuşacaq ilk şəxsdir".

Həzrət Zəhranın (s.ə) bu cür uca məqamı o deməkdir ki, Xanım (s.ə) - haqla batilin müəyyən edilməsinin göstəricisidir Zəhranı (s.ə) qəzəbləndirən - Peyğəmbəri (s) qəzəbləndirər. O kəs ki, Peyğəmbəri (s) qəzəbləndirər - Allahı qəzəbləndirmiş olur. Və əksinə, Həzrət Zəhranı (s. ə) sevindirən - Rəsuli-Əkrəmi (s) şad etmişdir. O kəs ki, Rəsuli-Əkrəmi (s) şad edər - Allah Təalanı sevindirmiş olur. Bax, bu cür yüksək dərəcə verilir Xanıma (s.ə). Və Zəhra (s.ə) vasitəsilə, yüksək dərəcə ümumilikdə qadına verilir.

Niyə məxfi qaldı?

Hər bir müsəlmanın özünə veriləcək suallar arasında ən mühümü odur ki, bəs nədən Anamızın məzarının yeri gizli qaldı? Niyə Həzrət Zəhra (s.ə) vəsiyyət etdi ki, onun mübarək məzarının yerini heç kəs bilməsin?

Nədən İslam Peyğəmbərinin(s) qəlbinin meyvəsi, bədəninin parçası, "atasının anası"nın mübarək qəbri məxfi qaldı?

Nə səbəb oldu?! Nədən Rəsulun (s) qızı dünyadan şəhid getdi?

Bu, insanların laqeydliklərinə, süstlük və biganəliklərinə olan bir etirazın simvoludur. Həzrət Peyğəmbərin (s) rehlətindən sonra ümmətin içində baş qaldıran fitnələrə etiraz edən Xanım (s.ə), sonadək vilayətin yolunda mübarizə apardı və bütün təzyiqlərə baxmayaraq, bu yoldan çəkilmədi.

Amma necə oldu ki, insanlar bu qədər süst və biganə qaldılar?

Hər bir müsəlmanın özünə veriləcək suallar ən azı bunlardır. Əslində bütün zamanlar üçün vücudi və diri olan, təfavütsüzlük və laqeydlik mərəzindən qurtutulmanın vacibliyini anladan bir Şəhid anma günləridir bu günlər. Öz pak qanı ilə sanki nəfəsləri daralmış bir müsəlman camiəsinə davamlı dirilik oksigenlərini vermə ilə səciyyələnən bir İlahi lutfdür bu.

Allahım! Bu Əyyami-Fatimə (s.ə) günlərində cəmi insanlara Kövsər bərəkətindən bəhrələnmək tövfiqini qismət  et!

Həqiqi ağıl sahibləri kimlərdir?

Bəli, Əyyami-Fatimə (s.ə) günləri - bir vücudi oyanış dönəmidir. İnsanın fitrətinə qayıdışını, əqli əsasında yaşamalı olduğunu xatırladan bir dönəmdir.

Allah Təala müqəddəs Qurani-Kərimdə bizlərə həqiqi ağıl sahiblərinin kimlər olduğunu tanıdır. Qurani-Kərimin "Ali-İmran" surəsinin 190-191-ci ayələrində Rəbbimiz bizlər üçün götürüləcək çox böyük ibrətlər təqdim edir.

Ayədə buyurulur: "Həqiqətən, göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır".

Ayədə keçən "ulul-əlbab" kəlməsi tərcümə edildikdə müxtəlif mənaları verə bilir və bu mənalar bəzən tam anlaşılmır. Ona görə də bəhsimizdə daha çox "ulul-əlbab" kəlməsi üzərində qalacayıq.

Ulul-əlbab kimdir?

İlk olaraq toxunulması zərur olan və üzərində durulmalı məsələ - "ulul-əlbab"ın kim olmasıdır. "Ulul-əlbab" kəlməsi iki hissədən ibarətdir. "Ulul" sözü - sahiblər deməkdir. İkinci söz - təmiz, dərin, həqiqəti dərk edə bilən ağıl mənasında işlənən "lub" sözünün cəm halı "əlbab"dır.

"Ulul-əlbab" o insanlara deyilir ki, onlar dərin, həqiqi ağıla malikdirlər. Hər ağıllı insan "ulul-əlbab" deyil. Amma hər "ulul-əlbab" olan insan dərin ağıla malikdir. Yəni, bir insanın savadlı olması, oxumuş olması, hansısa bir təhsilə malik olması "ulul-əlbab" olması anlamına gəlmir. Bilmək, məlumatlı olmaq hələ "ulul-əlbab"lığa gətirib çıxartmır. Deməli, "ulul-əlbab"lıq o bilgi, o dərkdir ki, orada ən ali bir yüksək dərəcə var. "Ulul-əlbab"lıq - vahimənin tam fövqündədir və dərkin aydın formasıdır.

Qurani-Kərimdə Rəbbimiz dəfələrlə "ulul-əlbab"a müraciət edir. On altı ayədə Allah Təala "ulul-əlbab"ı Öz müxatəbi, həmsöhbəti qərar verir. Ən böyük "ulul-əlbab" - Həzrət Rəsulallahdır (s). O Həzrətin (s) ardınca digər Məsumlar (ə) "ulul-əlbab"dır. Ən dərin ağıla malik, ən dərin həqiqətləri dərk edəcək ağıla malik olanlar - məhz onlardır. Kim onlara bağlansa, onun imkanı var ki, gerçək ağıl, həqiqi dərk okeanına daxil ola bilsin.

"Ulul-əlbab"ın hansı keyfiyyətləri var?

Allah Təala büsbütün varlıq aləmində - göylərdə və yerlərdə, bütün zamanların içərisində baş verənə biləcək bütün mövzuların içərisində "ulul-əlbab" üçün, dərin düşünən insanlar üçün, həqiqi dərin ağıla malik olan insanlar üçün götürüləcək nişanələr qoyub. Təbii, sual yaranır ki, "ulul-əlbab"ın hansı keyfiyyətləri var?

Növbəti ayədə, "Ali-İmran" surəsinin 192-ci ayəsində Rəbbimiz bu xüsusiyyətləri bizə edir. Ayədə buyurulur: "O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: "Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru".

"Ulul-əlbab" olanlar fərz oluna bilinəcək bütün vəziyyətlərində Allahı yad edirlər. Əgər bir savadlı insan, bir bilgili insan hər bir halında Allahı yad etmirsə, o insan "ulul-əlbab" ola bilməz.