Səhvən, yaxud qəsdən vurulan sərnişin təyyarələri –


Digərləri 14 Yan 2020 21:15:00 120 0

Səhvən, yaxud qəsdən vurulan sərnişin təyyarələri –

Yanvarın 8-də İranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsi ilə bağlı xəbərlər gündəmi zəbt edib. Bu gün İran tərəfinin verdiyi açıqlamada isə təyyarənin səhvən vurulduğu bildirilib.

Son.az ted.az-a istinadən səhvən, yaxud qəsdən vurularaq böyük insan təlafatına səbəb olmuş bir neçə təyyarə haqqında məlumatları oxucularına təqdim edir:

Liviyaya məxsus "Arab Airlines" aviaşirkətinin "Boinq-727" təyyarəsi 1973-cü ildə qum fırtınasına düşüb. Təyyarə fırtınanın təsirilə Sinay yarmadasına doğru yön alıb. Bu zaman İsrailə məxsus 2 "Air force F-4" qırıcısı təyyarənin qarşısını kəsmək üçün xəbərdarlıq atəşi açıb. Sərnişin təyyarəsi xəbərdarlıq atəşindən sonra istiqamətini qərbə çevirib. Hərbi təyyarələrin pilotları isə bunu qaçış kimi dəyərləndirərək atəş açıblar. Nəticədə sərnişin təyyarəsindəki 113 nəfərdən 108-i həlak olub.

1980-cı il iyulun 27-də 81 nəfəri daşıyan İtaliyaya məxsus "İtavia" aviaşirkətinin DC-9 sərnişin təyyarəsi Tirren dənizinə düşüb. Sərnişinlərdən sağ qalan olmayıb. Əvvəlcə qəza səbəbi texniki problemlər göstərilsə də, digər versiya Fransa qırıcılarından atılan raketlə təyyarənin vurulmasıdır.

Sovet qırıcısı 1983-cü ilin sentyabrın 1-də Yapon dənizi üzərində Cənubi Koreyanın "Boinq-747"sini vurub. 269 nəfər həlak olub. Səbəb kimi təyyarənin SSRİ hava məkanını pozması göstərilib.

1988-ci ilin 3 iyulunda ABŞ kreyseri "Vinsennes" Fars körfəzi üzərində İran Air" şirkətinə məxsus Airbus A300B2-203 sərnişin təyyarəsini hədəfə alıb. İnsidentdə 66-sı uşaq olmaqla, 290 nəfər həlak olub. ABŞ hökuməti sərnişin təyyarəsinin səhvən F-14 qırıcı təyyarəsi kimi qeydə alındığını açıqlayıb. İran hökuməti isə kreyser komandanlığının qəsdən bu addımı atdığını irəli sürüb.