Baş Prokurorluq eyvandan yıxılaraq ölən şəxslə bağlı məlumat yayıb


Digərləri 14 Yan 2020 18:50:00 121 0

Baş Prokurorluq eyvandan yıxılaraq ölən şəxslə bağlı məlumat yayıb

Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

Bakı. 19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq eyvanından yerə düşməsi nəticəsində aldığı xəsarətlərlə əlaqədar həmin gün saat 22:30 radələrində xəstəxanada vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Abşeron rayon prokurorluğunda ilkin yoxlamanın və isbtidai istintaqın gedişindən narazı qalan mərhumun atası Elşən Musayev və qohumları 26 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Baş prokurorun birinci müavini Rüstəm Usubov, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi və müstəntiqlərin iştirakı ilə qəbul edilərək dinlənilmiş və müraciətləri əsasında cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılmışdır. Cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən zəruri prosessual istintaq-əməliyyat tədbirləri aparılmış, eləcə də hadisə yerinə mərhumun ailə üzvlərinin, müvafiq ekspertlərin və mütəxəssislərin iştirakı ilə müfəssəl baxış, hadisənin mexanizminin və şəraitinin tədqiqi üçün istintaq eksperimenti keçirilmişdir. Müəyyən edilmişdir ki, Kənan Musayev 19 iyun 2019-cu il tarixdə saat 19 radələrində yaşadıqları mənzildə qardaşı Sərvan Musayevlə birlikdə olmuş, saat 20:25 radələrində Sərvan Musayev evdən çıxıb bacısının əri ilə Nərimanov rayonu ərazisinə getmiş, saat 20:58-də Kənan Musayev bacısı Nailə Quluzadə ilə 36 saniyə telefon danışığı aparmış, saat 21:04-də mənzilin açıq eyvanından düşmüş, dərhal ətrafına toplaşan insanlar onun üzərində kiçik ölçülü yaş mələfə müşahidə etmişlər. Kənan Musayev həmin şəxslərin, o cümlədən hadisədən əvvəl binanın qarşısında qadınlarla söhbət edən atasının xalası Məlahət Xudiyevanın köməyi və müşaiyəti ilə saat 21:14-də qonşuluqda yaşayan Famil Ələsgərovun idarə etdiyi avtomobilə qoyularaq xəstəxanaya yola salınmış, Elşən Musayevin qonşu, qohum və tanışları hadisə barədə eşidib xəstəxanaya gəlmişlər. Kənan Musayevin ölümünün səbəblərinin və digər əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilərək mərhumun meyitinin dəfn olunduğu yerdən çıxarılıb ekspertizadan keçirilməsi və məhkəmə-tibb ekspertinin mənzilə əlavə baxışda iştirakı təmin edilmiş, hadisənin şəraitinin bərpa olunması məqsədilə məhkəmə-trasoloji-situasion ekspertizası təyin edilmiş, binanın inşasına dair zəruri sənədlər ekspertiza tədqiqatına təqdim olunmuşdur. Mərhum Kənan Musayevin istifadəsində olmuş mobil telefon aparatına baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edə biləcək informasiya aşkarlanmamışdır. İstintaqa cəlb edilmiş şəxslərin istifadəsində olmuş mobil nömrələr üzrə telefon danışıqlarına, yazışmalarının mətnlərinə və antena əhatə dairələrinə dair məlumatların mobil operatorlardan götürülməsi üçün məhkəmə qərarları alınaraq icraya yönəldilmiş və alınan cavablarda olan informasiyaların təhlili hazırda da davam etdirilir. İş üzrə aidiyyəti hüquq-mühafizə orqanlarına əməliyyat tapşırıqları verilmiş, Elşən Musayevin yaşadığı mənzillə üzbəüz yerləşən mənzilin və hadisə yerinə yaxın ərazidə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərə baxış keçirilmiş və baxış zamanı şübhə doğura biləcək hər hansı hala rast gəlinməmişdir. Mənzilin kamerasının yaddaş kartı üzrə təyin edilmiş məhkəmə-kompüter texniki ekspertizasının rəyində kartın yaddaşında montaj əlamətlərinin olmadığı göstərilmişdir. Cinayət işi üzrə Kənan Musayevin qəsdən öldürülməsi barədə atası Elşən Musayevin irəli sürdüyü şübhə və mülahizələri onun iştirakı təmin olunmaqla keçirilmiş istintaq hərəkətlərinin hazırkı vaxta olan nəticələrinə əsasən hələlik təsdiqini tapmamışdır. Elşən Musayev və ailə üzvləri dəfələrlə qəbul edilib dinlənilmiş, cinayət işi üzrə ibtidai istintaq və əməliyyat tədbirlərinin davam etdirilməsi, nəticəsindən asılı olaraq hadisəyə və aid şəxslərin əməllərinə obyektiv hüquqi qiymətin veriləcəyi onlara izah olunmuşdur.