Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib (FOTO)


Digərləri 14 Yan 2020 18:47:00 123 0

Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edilib (FOTO)

Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb.

Bakı. Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb. DGK-dən Trend-ə verilən məlumata görə, geniş tərkibdə keçirilən görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Garland İnternational” məsləhətçi şirkətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edib. Qonaqları səmimiyyətlə salamlayan DGK-nin sədri S.Mehdiyev öncə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb. S.Mehdiyev onu da qeyd edib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan Azərbaycan Respublikası xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycan, eləcə də region üçün əhəmiyyətindən bəhs edib. Gömrük prosedurlarının həyata keçirilməsi ilə bağlı hər hansı problemin olmayacağını qeyd edən DGK sədri mükəmməl qanunvericilik bazasına malik, tam elektronlaşdırılmış gömrük sisteminin imkanlarının bu cür layihələrin uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov son illər aparılan davamlı islahatların ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə, eləcə də gömrük xidmətinin dinamik inkişafına təkan verdiyini bildirib.