Gəncədə "Sampo-Roselew" markalı kombaynlar yığılacaq


Digərləri 13 Yan 2020 14:02:00 132 0

Gəncədə "Sampo-Roselew" markalı kombaynlar yığılacaq

Müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə Sampo-Roselew markalı kombaynların yığımı həyata keçiriləcək

Bakı. "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) Finlandiyanın məşhur "Sampo" firması ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Trend-in məlumatına görə, bu barədə birliyin müşahidə şurasının sədri Xanlar Fətiyev xəbər verib. Onun sözlərinə görə müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə Sampo-Roselew markalı kombaynların yığımı həyata keçiriləcək. Xanlar Fətiyev əlavə edib ki, bu ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır: “Bildiyiniz kimi, Finlandiyanın məşhur Sampo firmasının müxtəlif model kombaynları artıq Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində Sampo markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Gəncə avtomobil zavodu İB-i Sampo kombaynlarının yığılması ilə bərabər onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır” deyə Xanlar Fətiyev əlavə edib. Müşahidə Şurasının sədrinin sözlərinə görə, ixracla bağlı həm birliyin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.