Böyük Britaniya İrandakı səfirinin həbs olunması ilə bağlı bəyənat yaydı


Dünya 12 Yan 2020 13:07:00 122 0

Böyük Britaniya İrandakı səfirinin həbs olunması ilə bağlı bəyənat yaydı

Böyük Britaniyanın İrandakı səfiri paytaxt Tehranda həbs olunub. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bunu "beynəlxalq hüququn kobud şəkildə pozulması" adlandırıb. "The Daily Mirror"un xəbərində belə deyilir.

Səfir Robert Macaire bir neçə saat həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. 53 yaşlı diplomat Əmir Akabir Universitetində etiraz nümayişlərini təşkil etməkdə günahlandırılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, Britaniyanın xarici işlər naziri Dominik Raab səfir Macairenin həbsindən sonra İran hökuməti ilə sərt xarakterli danışıqlar aparıb.

"Daily Mirror"a danışan xarici işlər naziri deyib: "Tehrandakı səfirimizin əsassız və izahat olmadan tutulması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. İran hökuməti yol ayrıcındadır. Ya İran Qərblə bütün siyasi və iqtisadi əlaqələri kəsməklə özünütəcrid yolunu davam etdirməlidir, ya da gərginliyi azaltmaq üçün addımlar atmalı və diplomatik yolla problemlərin həllinə çalışmalıdır".

Məlum olub ki, Britaniya səfiri tələbələrin iştirak etdiyi etiraz aksiyasına qatılıb, bir müddət onlarla bir yerdə olub, daha sonra isə səfirliyə dönüb və həbs olunub.

İran Xarici İşlər Nazirliyinə edilən bir sıra təcili çağırışlardan sonra səfir sərbəst buraxılıb və onun səfirliyə qayıtmasına icazə verilib.

"İran News" "Twitter"də yazıb ki, Britaniya səfiri etiraz aksiyasından foto və video çəkdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.