Qazaxıstan Azərbaycan istiqamətində konteyner daşımalarını artırmaq niyyətindədir


İqtisadiyyat 10 Yan 2020 16:01:15 141 0

Qazaxıstan Azərbaycan istiqamətində konteyner daşımalarını artırmaq niyyətindədir

Çin – Avropa - Çin, Çin – Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu – Çin kimi istiqamətlər üzrə konteyner daşımalarının həcminin 2020-ci ildə 15-20% artırılması barədə razılıq əldə olunub

Qazaxıstan 2020-ci ildə Azərbaycandan keçməklə konteyner daşımalarını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə “Qazaxıstan Dəmir Yolu” ASC-nin törəmə şirkəti olan “KTZ Express” ilə “Çin Dəmir Yolları”nın törəmə şirkətləri olan CRIMT və CRCT-nin rəhbərliyinin görüşündə razılıq əldə olunub.

Belə ki, tərəflər Çin - Avropa - Çin, Çin - Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu – Çin kimi istiqamətlər üzrə konteyner daşımalarının həcminin 2020-ci ildə 15-20% artırmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.