Bir neçə ölkənin səfirliyi yanğına görə Kanberradakı fəaliyyətini dayandırıb


Dünya 10 Yan 2020 11:35:51 122 0

Bir neçə ölkənin səfirliyi yanğına görə Kanberradakı fəaliyyətini dayandırıb

Azərbaycanın Avstraliyadakı səfirliyi isə normal rejimdə işini davam etdirir

Avstraliyada güclü küləklə müşayiət olunan isti hava fonunda yüksək yanğın təhlükəsi, tüstülənmə, havanın çirklənməsi ilə əlaqədar Kanberradakı bir sıra xarici diplomatik nümayəndəliklər fəaliyyətini dayandırıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

“Financial Times” qəzetinin məlumatına görə, Macarıstanın diplomatik nümayəndəliyi havanın insan sağlamlığı üçün təhlükəli həddə çirklənməsi səbəbindən müvəqqəti bağlanıb, bütün sorğuların Sidney və Melburndakı konsulluq xidmətlərinə göndərilməsi tövsiyə edilib. Daha əvvəl analoji səbəbə görə İrlandiya və İtaliyanın səfirlikləri də Kanberradakı fəaliyyətini dayandırmışdı. Nəşrin məlumatına əsasən, indi də İsrailin diplomatik missiyası bunu etmək niyyətindədir.

Kanberra Ticarət Palatasının icraçı direktoru Maykl Şaperin sözlərinə görə, Kanberrada bir çox dövlət qurumu da bağlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyindən “Report”a bildirilib ki, ölkəmizin Avstraliyadakı səfirliyi normal rejimdə işini davam etdirir.