Azərbaycanda əlverişli biznes mühiti iqtisadi inkişafın səmərəli modelinin seçilməsini göstərir


Digərləri 09 Yan 2020 20:10:00 100 0

Azərbaycanda əlverişli biznes mühiti iqtisadi inkişafın səmərəli modelinin seçilməsini göstərir

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il üçün dövlət büdcəsi barədə qanunu imzalayıb. Dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat, xərcləri 26 milyard 894 milyon 700 min manat təşkil edib.

Son.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Trend-ə dövlət büdcəsinin fiskal dayanıqlığına təsir edən əsas amilləri şərh edib.

Dövlət büdcəsinin fiskal dayanıqlığının qiymətləndirilməsi

2020-ci il üçün dövlət və icmal büdcələri, eləcə də növbəti 3 il üçün büdcələr yeni büdcə qaydalarına əsasən hazırlanıb. Yeni qaydalara uyğun olaraq büdcə xərcləri ildə 3 faiz həddini keçə bilməz. İnfrastruktur və ordu quruculuğu sahələrində uğurlardan sonra Azərbaycan büdcə qaydalarını tətbiq etməklə fiskal dayanıqlığa üstünlük verir. Beləliklə, bu il üçün inflyasiya proqnozunun 4,6 faiz olmasını nəzərə almaqla icmal büdcə ötən illə müqayisədə 2 117 milyon manat və ya 7,7 faiz artacaq və 29 448 milyon manata çatacaq. Fiskal dayanıqlığın daha bir nişanı odur ki, dövlət başçısının tapşırığına əsasən, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxil məhsula nisbəti 1 faiz azalacaq və 29,1 faizədək enəcək. Bu onu ifadə edir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Bu il həmçinin sosial xərclər 2,6 milyard manat (33,5 faiz artım) həcmində proqnozlaşdırılır. Bu da fiskal dayanıqlığın güclənməsini ifadə edir.

Vergilər Məcəlləsinə dəyişikliklər barədə

2019-2020-ci illərdə Vergilər Məcəlləsinə edilən dəyişikliklər ortalama vergi dərəcəsini azaldır. 2020-ci ildə vergi islahatının əsas məqsədi hamı üçün bərabər şərtlərin yaradılması, vergi idarəetməsinin təkmilləşdirilməsi və vergi yükünün azaldılmasıdır.

Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə keçirilmiş islahatlar nəticəsində büdcəyə daxilolmaların planlaşdırılandan təxminən 1 milyard dollar çox olacağı proqnozlaşdırılır. Bununla belə, gəlirlərin artımında qeyri-neft sahələri böyük rol oynayır. Bizim hesablamalarımıza əsasən, bu il karbohidrogenlər sektorunda ÜDM-in 1,6 faiz, 2021-ci ildə isə qaz hasilatının kəskin artması təqdirində 4,5 faiz çoxalması proqnozlaşdırılır. Fiskal dayanıqlığın təmin olunması yalnız qeyri-xammal iqtisadiyyatının inkişafı ilə mümkündür.

Dövlət büdcəsində xarici borcun dəyişməsi dinamikası

2017-ci ildə xarici borca xidmətin ümumi həcmi dövlət büdcəsindən xərclərin 11 faizini təşkil edirdi, 2025-ci ildə bu rəqəm 6,2 faizədək azalacaq. Prioritet layihələrin maliyyələşdirilməsindən sonra dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək həddə çatdıqdan sonra azalmağa başlayıb. Növbəti illərdə mövcud xarici borcun azalması cəlb olunan yeni borclardan çox olacaq və 2025-ci ilədək xarici dövlət borcunun ÜDM-ə nisbəti 12 faizədək azalacaq. Xarici dövlət borcunun ÜDM-ə nisbəti üzrə Azərbaycan ən yaxşı göstəriciləri olan ölkələr sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu altı dəfə üstələyir.

2020-ci ilin büdcəsi manatın məzənnəsinə necə təsir edəcək?

2020-ci ildə ticarət balansında ixracın 3,8 faiz, idxalın 1,5 faiz artımı proqnozlaşdırılır. Ümumilikdə, bu il ticarət balansının profisiti pul kütləsi balansının kəsirini örtəcək və beləliklə, tədiyə balansı tarazlaşacaq. İcmal büdcəsinin kəsirinin maliyyələşdirilmə mənbələri müəyyənləşdirildikdən sonra manata təzyiq olunmayacaq. Valyuta bazarının təhlili göstərir ki, tələb və təklif balansı, eləcə də bank sistemində artıq likvidlik təmin olunub. Bununla bağlı olaraq, bu il manatın məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır. Aşağı inflyasiya ilə əlaqədar real səmərəli məzənnənin qismən azaldılması qeyri-neft ixracının stimullaşdırılmasına gətirib çıxarır.