Azərbaycanda mənzil sığortası: zərurətdən yoxsa cərimə xofundan?


İqtisadiyyat 09 Yan 2020 19:10:22 174 0

Azərbaycanda mənzil sığortası: zərurətdən yoxsa cərimə xofundan?

Azərbaycanda mənzil sığortası: zərurətdən yoxsa cərimə xofundan?

Mənzil, bağ evi, başqa yaşayış və qeyri-yaşayış daşınmaz əmlak növləri müəyyən risklər altındadır. Hələ 2011-ci ilin 16 dekabr tarixindən “İcbari sığorta növləri haqqında” qanun qüvvədə olsa da, ötən müddət ərzində əhali, o cümlədən sahibkarlar tərəfindən əmlak sığortasına nəzərəçarpacaq maraq göstərilməyib. Əslində son vaxtlar Qərbdə olduğu kimi ölkəmizdə də insanların könüllü surətdə əmlaklarını sığorta etdirməsi təcrübəsi yayılmağa başlayıb, amma bu məsələdə, daha çox da sahibkarlıq obyektlərilə bağlı ifrat qənaətcillik mümkün risklərdən yayınmaq istəyindən daha qabarıqdır.

Son vaxtlar vətəndaşların ev ünvanlarına mənzilləri sığortalatdırmağı tələb edən, əks təqdirdə müəyyən cərimələr tətbiq ediləcəyini vurğulayan bildirişlər gəlməyə başlayıb. Bu məsələ əhalinin bir qisminin narahatlığına səbəb olub.

Əvvəla, İnzibati Xətalar Məcəlləsində icbari sığorta müqaviləsi bağlanmadıqda cərimə tətbiqini nəzərdə tutan 469.1 nömrəli bənd yeni deyil və icbari sığortanın bütün növlərinə şamil olunur. Odur ki, cərimələrin 2020-ci ilin yanvar ayından tətbiq olunacağı barədə bəzi sığorta şirkətlərinin iddiaları daha çox psixoloji təsir məqsədilə ortaya atılır. Belə ki, yanvarın 1-dən bütün mənzillərin və yaşayış evlərinin mütləq sığortalatdırmaq barədə xəbərdarlıqlar sırf texnoloji fənd şəklində dəyərləndirilməlidir.

Xatırladaq ki, bir qədər əvvəl avtomobilləri sığortalatdırmaq üçün yol müşahidə kameraları çox səmərə vermişdi. Belə ki, 2017-ci ilin iyun ayında yollarda radarlar quraşdırılandan sonra sığorta şirkətləri gündə 20 min, ayda 400 minədək sığorta şəhadətnaməsi tərtib edirdi. Daşınmaz əmlakla bağlı isə psixoloji təzyiq vasitəsi kimi cərimələr istifadə olunur. Hərçənd qanunun qüvvədə olduğu 8 il ərzində yaşayış sahələrinin sığortasına məsul olan yerli icra hakimiyyətləri lazımi nəzarət mexanizmini ortaya qoymadılar. Qeyri-yaşayış sahələrinin isə icbari sığortasına nəzarəti FHN bu ildən yenidənnəzarəti gücləndirir.

İnzibati Xətalar Məcəlləsinəgörə icbari sığorta müqaviləsi bağlamayan fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər də 200 manat məbləğində cərimə olunur.

Təlaşa qapılmayın

İcbari sığorta ilə bağlı bildirişlər əhali arasında artıq müəyyən dərəcədə təlaşa səbəb olub. Bəzi sığorta şirkətlərinin son tarix kimi 20 yanvar gününü göstərməsi çoxlarını evini tez sığortalatdırmaq üçün əl-ayağa düşməyə sövq edir, sığorta şirkətlərinin ofisləri qarşısında tünlük əmələ gətirir.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev “Report”a bildirib ki,hazırda sığorta şirkətlərinin məqsədinin əhalini qorxutmaq yox, daha çox mövcud qanunların tələbləri barədə hərtərəfli məlumatlandırmaq olduğunu qeyd edib: "Təbii ki, sığortaçılıq maliyyəçiliyin bir növü olduğundan bu sahəyə bələd olmaq üçün bəzi xüsusi biliklər əldə etmək lazım gəlir.Bu gün cəmiyyət arasında sığorta şirkətləri və sığortaçılarla bağlı sığortalını aldadıb pul qoparmaq üçün fürsət gözləyən dələduz təsəvvürü yaranıb. Lakin bu rəy səhvdir. Məsələn, 2019-cu ildə avtomobillərlə bağlı vətəndaş məsuliyyətinin icbari sığortası ilə bağlı 100 milyon manatdan bir qədər artıq sığorta haqqı toplandığı halda yol qəzaları ilə bağlı sığorta hadisələrinə görə 65 milyon manatdan artıq ödənişlər həyata keçirilib: “Biznesin idarə edilməsinə çəkilən xərcləri də nəzərə alsaq sığorta şirkətlərinin əslində məxarici mədaxilindən çox olub”.

“Onda bəs niyə çoxları kiminsə onları aldatdığını düşünür? Məsələ burasındadır ki, bir çox sığortalı sığortaçılığın mahiyyətindən xəbərsizdir. Elələri var ki, sığortaçıdan qəza zamanı xarab olan maşının köhnə hissəsi əvəzinə təzəsini, bəziləri hətta yeni avtomobil tələb edir. Ona görə də sığortaçıların başlıca vəzifəsi sığortaçılıq haqqında, sığorta məhsulları haqqında əhali arasında mümkün vasitələrlə maarifçilik işləri görməkdir. Bu işdə media da bizdən köməyini əsirgəməməlidir. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq biz 2020-ci ildə bu istiqamətdə tədbirlər planı hazırlamışıq”, – deyə qurum rəhbəri qeyd edib.

Hazırda evlərə göndərilən bildirişlərin uzun illərdir qüvvədə olan qanundan gətirilən ayrı-ayrı iqtibaslardan başqa bir şey olmadığını deyən müsahibimiz ötən müddət ərzində yada düşməyən həmin qanunun əslində vətəndaşların mənafeyini qorumaq üçün qəbul olunduğunu, bəzən sosial şəbəkələrdə iddia olunduğu kimi söhbətin heç də hansısa vergidən getmədiyini vurğulayıb.

“Bir dəfə hətta bu qanunu ləğv etdirmək üçün cənab Prezidentə müraciətə imzalar toplandığına belə şahid oldum. Bunlar ciddiyyətdən uzaqdır. Az qala hər gün kimlərinsə bədbəxt hadisələrə düçar olduğunu, insanlara, onların səhhətinə, əmlakına ciddi ziyan yetdiyini görür və ya eşidirik. Hər belə əhvalatda da dövlətdən kömək umuruq. Xarici ölkələrdə isə bu işlər tamam başqa cür qurulub. İcbari sığortanın da məqsədi elə mövcud riskləri mümkün qədər ölkə vətəndaşları arasında bərabər bölüşdürərək hər kəsin maddi imkanına uyğun olan xidmət ortaya qoymaqdır. Bədbəxt hadisə baş verəndə də dövlət yox, sığorta şirkəti qanunla müəyyən olunmuş həddə təzminat ödəyir”, – deyə A.Əliyev fikrini davam edib.

“Ateshgah” irəli düşdü

Əhaliyə bildirişlər göndərən ilk sığorta şirkətinin “Ateshgah” olduğu məlumdur. Bunu Sığortaçılar Assosiasiyasının rəhbəri belə izah edib: “Bu şirkət daha geniş təbəqələrə xidmət göstərmək fürsəti görüb. Məhz bu şirkətin uzun müddət ərzində avtomobil sığortası sahəsində lider olduğu sirr deyil. Lakin əhalinin xeyli hissəsi avtomobil yox, daşınmaz əmlak sahibidir, həmin şəxslər də avtomobil sahibləri kimi bədbəxt hadisələrlə bağlı risklərlə üz-üzə qalır”.

Ekspertin fikrincə, son vaxtlar başqa şirkətlər də sığortanın bu növünə maraq göstərir: “Bəzi şirkətlər, o cümlədən brokerlər əhalini maarifləndirmək əvəzinə hədə-qorxu gəlməyə üstünlük verir. Mən bunu düzgün hesab etmirəm. İnsanlara sığortanın əhəmiyyətini başa salmadan yalnız cərimələrdən söhbət açmaq səhv yanaşmadır”.

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev:

"Cərimələr daşınmaz əmlak reyestrinin İcbari Sığorta Bürosuna integrasiya edildikidən sonra tətbiq edilə bilər"

Assosiasiya sədri cərimə sistemi üzərində hələlik işlərin getdiyini də qeyd edib: “Hazırda əksər məlumatlar müxtəlif məlumatlar bazasında saxlanılır. Ona görə də ciddi nəzarət və cərimə tədbirlərinin daşınmaz əmlak reyestrinin İcbari Sığorta Bürosuna integrasiya edildikdən sonra tətbiq olunacağı bildirilir. Hələlik isə vətəndaşlarımızı cərimədən daha çox yaşadıqları ev və mənzillərin təhlükəsizliyini düşünməyə dəvət edərdim. Bunun üçün nüfuzlu sığorta şirkətinə gedib ildə 50 manat (Bakı üzrə sığortatarifi), 40 manat (Gəncə, Sumqayıt, Naxçıvan üzrə tarif), yaxud 30 manat (yerdə qalan bölgələr üzrə tarif) ödəyərək müvafiq olaraq25 min, 20 min və 15 min manatadək sığorta qoruması əldə etmək olar. Həmin sığorta haqqını gündəlik, həftəlik götürəndə cüzi bir məbləğdir, telefona yüklədiyimiz konturdan qat-qat azdır”.

“Pasha İnsurance” sığorta şirkətindən isə “Report”a bildiriblər: “Daşınmaz əmlak sığortasına marağı artırmaq üçün maarifləndiriçi video və elanlar yayırıq. Lakin 2020-ci ildən sığorta müqaviləsi bağlanmadığına görə cərimə tətbiq olunacağı barədə orada heç bir qeyd yoxdur”.

Təkliflər hazırlanır

Mövcud vəziyyət nəzərə alınsa 2020-ci ildə daşınmaz əmlak sığortasının artımı hesabına ölkə sığorta bazarında xeyli canlanma gözləməyə əsas var.

“Report” xəbər verir ki, sığortaçıların hazırladığı təkliflər maarifçiliklə yanaşı ölkə boyu sığortanın kütləvi tətbiqi üçün səmərəli tədbirləri də nəzərdə tutur. Bu təkliflər arasında elektrik enerji haqqını ödəyərkən eyni zamanda sığorta haqqının da (Bakı üçün ayda 4 manat) ödənilərək qəbzdə ayrıca göstərilməsi var. Bunun üçün “Azərişıq”, Daşınmaz Əmlak Reyestri və İcbari Sığorta Bürosunun informasiya sistemləri inteqrə olunmalıdır.

Mövcud hesablamalara görə ölkədə daşınmaz əmlakın icbari sığortası bazarının potensial həcmi ildə 350-400 milyon manatdır.