2019cu ilin geosiyasi mənzərəsi: qeyrimüəyyənlik və risklərdən ümidlərə


Siyasət 07 Yan 2020 19:37:45 138 0

2019cu ilin geosiyasi mənzərəsi: qeyrimüəyyənlik və risklərdən ümidlərə

Ötən ildə cərəyan edən geosiyasi proseslər bir sıra çətinliklər yaradıb. Bu haqda ekspertlər 2019-cu ildə müşahidə edilən qlobal geosiyasi trendləri təhlil edərək yazırlar. Dünyanın müxtəlif regionlarında özünü göstərən proseslərin ümumi analizi fonunda konkret hadisələrin proqnozlaşdırılması maraqlı mənzərə yaradır. Bütövlükdə dünyada risklər azalmayıb, əksinə, yeni münaqişə ocaqları meydana gəlib. Yaxın Şərqdə Liviya faktoru qlobal geosiyasətin aktual məsələlərindən birinə çevrilib. Fransada vəziyyət qarışıqdır, "Breksit" aktuallığını saxlayır, İran məsələsi risk faktoru kimi qalır və s. Bunların fonunda Cənubi Qafqazda 2019-cu ildə baş verənlər və onların mümkün təsirləri əhəmiyyət daşıyır. Bütün bunların fonunda 2019-cu ildə özünü göstərən geosiyasi proseslər üzərində geniş dayanmağa ehtiyac hiss etdik.

Fərqli dinamikalar: ümumi mənzərə fraqmentləşirmi?

Son.az newtimes.az-a istinadən xəbər verir ki, 2019-cu ili ekspertlər qlobal geosiyasət üçün maraqlı və təzadlı dövr kimi xarakterizə edirlər. Tarixin arxivinə keçən bu dövrdə dünyanı narahat edən hadisələrin daha çox olduğunu vurğulayırlar. Hazırda bəşəriyyətin daha gərgin və ziddiyyətlərlə zəngin olan bir mərhələyə qədəm qoyduğundan bəhs edirlər. Ancaq bunun müsbət bir tərəfi də qeyd edilir: ən azından insanlar "hər şey yaxşıdır", deyib özlərini arxayın salmır, yeni sınaqlara hazır vəziyyətdə olur, qeyri-müəyyənlikdən çıxış yolları axtarırlar. "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov yazır: "Bizim iyirmilər (2020 rəqəmini nəzərdə tutur - red.) ümidlə deyil, getdikcə artan ehtiyatlılıqla başlayır. Qəribə də olsa, bu, hər şeydən öncə, yaxşıdır. Pis olanın arxada qaldığına dəlicəsinə inam dəfələrlə yeni kataklizmlər yaradıb. Bizim yaşadığımız dəyişikliklərin miqyası keçən əsrin ən kəskin fazaları ilə müqayisə oluna bilər".

Burada dünyanı bir "səfərbərliyə dəvət" hiss olunur. Yəni, bütövlükdə durum həssasdır, risklər, təhlükələr və təhdidlər var, lakin keçən dövrlərdən fərqli olaraq indi bəşəriyyət özünü toparlamağa hazırdır. Bununla da qarşıya çıxa biləcək problemləri həll etmək imkanı yarana bilər.

Təbii ki, bu maraqlı və xeyli dərəcədə məntiqi tezisi təkzib etmək fikrimiz yoxdur. Lakin 2019-cu ildə dünya miqyasında baş verənlərə ümumi nəzər saldıqda, fərqli bir qiymətləndirmənin də ola biləcəyini istisna edə bilmirik. Bundan başqa, geosiyasi proseslərin hansı ortaq xəttə çıxa biləcəyi də aydın deyil. Çünki ekspertin özünün də analizlərində bir neçə dəfə təkrar olunur ki, dünya daha fərqli məntiqi olan fraqmentlərin kompleksi təsiri bağışlayır. Bu isə artıq insan üçün başqa bir geosiyasi mənzərədir və onun hansı meyarlarla ortaq ritmə gətirilməsi aydın deyil. Konkret faktlara keçək.

2019-cu il başlayanda, proqnozlarda Donald Tramp "ruhunda" siyasi-diplomatik fəaliyyətin getdikcə üstünlük qazandığı haqqında bir təxmin vardı. Böyük Britaniyada, İtaliyada, Avstriyada, Macarıstanda, Hollandiyada və qismən də Almaniyada sağ populistlərin reytinqinin artdığından və Avropa Parlamentinə seçkilərdə onların mövqeyinin möhkəmlənəcəyindən bəhs edilirdi (özü də ehtiyatla). Bunun fonunda Rusiya, İran və Çin faktorunun "riskləri" göz önünə gətirilirdi. Şimali Koreya ayrıca "təhlükə mənbəyi" kimi təqdim olunurdu. "Stratfor" kimi "beyin mərkəzləri" qlobal geosiyasətin ümumi mənzərəsini tünd boya ilə təsvir edir və qarşıdakı silkələnmələrə geniş yer verirdilər. Və təbii ki, "İslam terroru" və miqrant problemi ayrıca vurğulanırdı. Hər ikisi Qərb üçün az qala fəlakət səviyyəsində təqdim olunurdu. Bunlarla yanaşı, iqtisadi-maliyyə böhranı, iqlim dəyişikliyinin yaratdığı risklər, dünyanın müxtəlif regionlarında mövcud olan və ya potensial münaqişələr, ixtilaflar xüsusi vurğulanırdı.

Artıq məlum idi ki, 2019-cu ilə Yaxın Şərqlə yanaşı, Afrika, Latın Amerikası və Asiya qitəsi də risklər məkanı kimi daxil ola bilərdi. Əslində, bütün bunlar müəyyən dərəcədə özünü doğrultdu. Avropada siyasi ziddiyyətlər səngimədi. Lakin İtaliyada, Avstriyada, Hollandiyada, Böyük Britaniyada "Tramp ruhu" ilin sonuna yaxın səngidi və hətta bir sıra yerlərdə ciddi zərbə aldı. Məsələn, Nümayəndələr Palatası D.Trampın impiçmenti məsələsini qoya bildi. İtaliyada sağ koalisiya dağıldı və Matteo Salvini istefaya getdi. "Breksit" hələ də "sürünür". Emmanuel Makron öz avrointeqrasiya konsepsiyası ilə kəskin surətdə fəallaşdı. Kanadada Castin Trüdo qalib gəldi. Avstriyada Azadlıq Partiyası biabırçı surətdə məğlub oldu. Braziliyada Jair Bolsonaronun ölkəni "Tramp modeli"nə uyğunlaşdırmaq cəhdi baş tutmadı və s.

Ancaq bütün bunlar bəşəriyyətin ümid edə biləcəyi bir sonuc vermir. Bilinir ki, D.Trampı Senat istefa verməyə qoymayacaq. Böyük Britaniya Aİ-dən ayrılır, lakin proses hələ uzun sürə bilər. İtaliyada sağ populistləri demokratlar əvəz edə bilmədi, yeni hökumət əvvəlkindən az təhlükəli deyil, Avstriyada daha yaxşısı hakimiyyətə gəlməyib. J.Bolsonaronun uğursuzluğu demokratları deyil, hərbçiləri fəallaşdırıb.

Proqnozlar: dayanıqlı dünya ehtimalı...

Ümumi səviyyədə olan bu ziddiyyətin fonunda geosiyasi meydanda baş verənlər də qeyri-müəyyənliyi azaltmır. Bu bağlılıqda ABŞ-la Çin arasında ticarətlə bağlı əldə edilən razılaşmanı istisna kimi qəbul etmək olar. Lakin kimsə təminat verə bilmir ki, bu, uzunmüddətli olacaq və bütün 2020-ci il boyu bu şəkildə qalacaq. Ekspertlər hesab edirlər ki, dekabrın 26-da əldə olunan razılaşmanın ömrü ya qısa ola bilər, ya da meydana "Tramp ruhu" başqa problem çıxara bilər.

Fransaya gəlincə, orada qarışıqlıq məhz yeni il ərəfəsi yeni səviyyəyə keçib. Bu ölkə indi əsl xaosu xatırladır. Etirazlar genişlənir və yeni məzmun almağa başlayır. E.Makron isə heç nə edə bilmir. Avrointeqrasiya antisistemçilərin ayaqları altında inildəyir. Yaxın Şərqdə isə yeni münaqişə ocağı yaranıb. Liviyada vətəndaş müharibəsi qapının ağzındadır. Orada bir neçə ölkənin - Misir, Rusiya, İsrail, Türkiyə, İran, BƏƏ, Fransa, İtaliya, Sudanın təsiri vardır. Bu dövlətlərin iştirakı ilə Liviyada böyük müharibənin alovlanması gözləniləndir. Görünür, Suriyada savaşın sönməyə başlaması bir sıra dairələri narahat edir - onların əllərindən milyardlar çıxmaqdadır.

İranda və İraqda vəziyyət düzəlmək bilmir. İraq Prezidenti istefa verib. İranda etirazlar səngimir. Burada siyasi, iqtisadi və legitimlik məsələləri ciddi çətinliklərlə üz-üzə qalır. 2020-ci ildə vəziyyətin kardinal surətdə dəyişməyəcəyi proqnozlaşdırılır. Şimali Koreya dediyindən dönmür.

Rusiya-Qərb münasibətləri gərginliyini saxlamaqdadır. Çinlə bağlı Vaşinqtonun mövqeyi daha da sərtləşib. Ekspertlər hesab edirlər ki, son zamanlar Amerika Çinə daha çox diqqət yetirir. Bu da 2020-ci ildə bu iki böyük güc arasında mübarizənin daha da kəskinləşəcəyi ehtimalından xəbər verir.

Avropa İttifaqının daxilində də hansısa müsbət dəyişikliyin olacağına inam yoxdur. Burada Fransanın liderlik iddiaları ilə yanaşı, müxtəlif üzv dövlətlər arasındakı fikir ayrılığı və ayrıca "Breksit"in yaratdığı gərginlik 2020-ci ildə özünü aydın göstərə bilər. Hər bir halda, ekspertlər Aİ-nin təkamül ssenarisi haqqında birmənalı fikir ifadə edə bilmirlər.

Göründüyü kimi, bütövlükdə dünya qarışıq vəziyyətdədir və onun 2020-ci ildə də özünü göstərməsi mümkündür. Bunun prizmasından Cənubi Qafqazda geosiyasi mənzərənin taleyi narahatlıq yaradır. Mütəxəssislər vurğulayırlar ki, bütövlükdə postsovet məkanı ölkələri fərqli mövqe tutmaqdadırlar. Onları hansısa ortaq bir kriteriya ilə xarakterizə etmək çətindir. Doğrudan da, Azərbaycanla Ermənistan tamamilə fərqli geosiyasi-mədəni və iqtisadi müstəvidədirlər, onların üstünlük verdikləri fəaliyyət prinsipləri arasında ciddi fərqlər mövcuddur. Bu səbəbdən qeyri-konstruktiv, aqressiv və antidemokratik mövqe tutan Ermənistanın 2020-ci ildə daha geniş şəkildə regiona təhlükə yaradan "kanal rolu"nu oynaya biləcəyini istisna etmək olmaz. Həm də ona görə ki, 2019-cu ilin təcrübəsi göstərir ki, rəsmi İrəvan dünya ictimaiyyətini aldatmaq, qonşulara qarşı iftira kampaniyaları aparmaq, regionda əməkdaşlığa zərər verən addımlar atmaq kimi işlərindən əl çəkmək fikrində deyil. Məhz 2019-cu ildə rəsmi İrəvan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya absurd bir iddia - Dağlıq Qarabağdakı separatçı-terrorçuların danışıqlarda iştirakı məsələsini atdı.

Bu onu göstərir ki, 2020-ci il Cənubi Qafqaz üçün kifayət qədər həssas mərhələ ola bilər. Eyni zamanda, vəziyyət xeyli dərəcədə postsovet məkanında geosiyasi proseslərin qlobal miqyasdakı hadisələrlə nə dərəcədə uzlaşa biləcəyindən asılı olacaq.

Beləliklə, 2019-cu il geosiyasi müstəvidə daha çox suallar yaradıb. Hazırda dünya miqyasında mənzərə dolaşıqdır. Risklər artır. Siyasi liderlər bu risklərdən bəhrələnə bilərlər. Dünya yeni inkişaf səviyyəsinə yüksələ bilər. Bunun əksi də ola bilər.