Tanınmış akademik vəfat etdi


Digərləri 07 Yan 2020 15:22:00 122 0

Tanınmış akademik vəfat etdi

Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev yanvarın 7-də 86 yaşında vəfat edib.

Bu barədə Son.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Görkəmli alimlə vida mərasimi saat 13:00-dan 15:00-dək AMEA-nın Əsas binasında keçiriləcək.

Bahadır Hüseyn oğlu Tağıyev 1934-cü il martın 13-də Masallı rayonunun Türkoba kəndində anadan olub. O, 1956-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu "Fizika" ixtisası üzrə bitirib.

Alim 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutun­da əmək fəaliyyətinə başlayıb, bu elmi müəssisədə aspirant, elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1996-2009-cu illərdə Milli Aviasiya Akademiyasında əvəzçi professor olub, 2009-cu ildən isə bu qurumun Ümumi və tətbiqi fizika kafedrasının müdiri idi.

B. Tağıyev 1965-ci ildə fizika üzrə fəlsəfə, 1978-ci ildə fizika üzrə elmlər doktoru elmi dərəcələrini, 1984-cü ildə professor elmi adını alıb. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib.

Fizik alim tərəfindən müxtəlif kristal quruluşu olan (zəncirvari, laylı, kubik və s.) elementar (selen) və mürəkkəb yarımkeçiricilərdə 77-300K temperatur intervalında, qüvvətli elektrik sahəsində (10-105 V/sm) elektrik keçirmə mexanizminin yüksək daşıyıcıların injeksiyası və termoelektron ionlaşma ilə əlaqədar olması müəyyənləşdirilib. Yüksək müqavimətli və enli zolaqlı yarımkeçiricilərdə injeksiya olunmuş yükdaşıyıcıların dərin tələlər tərəfindən tutulmaları ilə bağlı olan elektret və fotoelektret effekti aşkar edilib, bu effektlər əsasında müxtəlif çeviricilər hazırlanıb. Nadir torpaq elementləri ilə aktivləşdirilmiş CaGa2S4 tipli birləşmələr əsasında mexanizmi atomdaxili elektron keçidləri ilə bağlı olan sarı, mavi, yaşıl və qırmızı rəngli effektiv şüalanma alınıb, Bakı "Azərelektrik işıq" İstehsalat Birliyində həmin rənglərdə lümenessent lampaları istehsal olunub.

Akademik B. Tağıyev elm və təhsil sahəsindəki fəaliyyətinə görə, "Şərəf nişanı", "Şərəfli əməyə görə" medalı, Dövlət Mükafatı laureatı və "Şöhrət" ordeninə layiq görülüb.

Allah rəhmət eləsin!