Ötən il Azərbaycan teatrları üçün məhsuldar il olub


Digərləri 06 Yan 2020 12:48:00 151 0

Ötən il Azərbaycan teatrları üçün məhsuldar il olub

Ötən il Azərbaycan teatrları üçün məhsuldar il kimi yadda qalıb

Bakı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarın formalaşması istiqamətində məqsədyönlü layihələr ötən il də davam etdirilib. Trend-in məlumatına görə, Mədəniyyət Nazirliyinin 2019-cu il üçün təsdiq olunmuş repertuar planına əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında V.Şekspirin “On ikinci gecə və yaxud hər nə istəsəniz”, A.Tolstoyun “Buratino”, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında A.S.Ekzüperinin “Balaca Şahzadə”, V.Hüqonun “Paris Notr -Dama ithaf”, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Elçinin “Şeytan əməlləri”, B.Şounun “Millionçu qadın”, C.Cabbarlının “Aydın”, V.Səmədoğlunun “Yayda qar topu oyunu”, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında E.Şmittin “Tanrıya on dörd məktub”, Şərq nağılları əsasında “Sindibad”, C.Cabbarlının “Oqtay Eloğlu”, Azərbaycan Dövlət Pantomima Teatrında B.Xanızadənin “Xocalı-bu olub”, Dövlət “YUĞ” Teatrında V.Şekspirin “III Riçard.Lənət”, Sumqayıt Dövlət Dram Teatrında C.Cabbarlının “Solğun çiçəklər”, Qusar Dövlət Ləzgi Dram Teatrında R.Rəhimlinin “Sönmüş talelər” tamaşalarının premyeraları olub. Ötən il fevralın 25-26-da Bolqarıstanın paytaxtı Sofiya şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Dövlət Pantomima Teatrı Bəxtiyar Xanızadənin “Xocalı-bu olub” tamaşası ilə təmsil edib. Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə martın 10-da Milli Teatr Gününə həsr “Boş məkanın dolğunluğu adlı” II Eksperimental tamaşalar Festivalını gerçəkləşdirib. Mayın 23-dən 31-dək rejissor Tərlan Rəsulovun təsis etdiyi “dOM” Teatrı Rusiya Federasiyasının Ufa şəhərində keçirilən V Tuqanlıq Beynəlxalq Teatr Festivalında “Limbo” tamaşası ilə çıxış edib. İyunun 1-dən 5-dək Lənkəran şəhərində I Beynəlxalq Uşaq Teatrları Festivalı reallaşıb. Festivala Böyük Britaniya, Gürcüstan və İran İslam Respublikasından teatr kollektivləri qatılıb. Bundan başqa, iyunun 1-dən 7-dək Dövlət “Yuğ” Teatrı Rusiyanın Kazan şəhərində keçirilən Navruz Beynəlxalq Teatr Festivalında iştirak edib. Həmçinin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqü Hüseynov ABŞ-ın Boston şəhərində P.Zyuskindin “Kontrabas” tamaşası ilə ölkəmizi təmsil edib.