Taksi sürcüsünə qarşı quldurluq edən qadının apellyasiya şikayəti təmin olunmayıb


Sosial 04 Yan 2020 16:32:02 146 0

Taksi sürcüsünə qarşı quldurluq edən qadının apellyasiya şikayəti təmin olunmayıb

Dəstə üzvlərinin Xətai rayonunda Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub

© Courtesy İmage

Bakı Apellyasiya Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Aysel Məmmədova barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Məmmədovanın apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttihama görə, Bakı şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç şəxs özünün idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək 1 ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsindəki evinin və mənzildəki seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və A.Məmədova saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Həşimov və E.Kazımov 12 il, A.Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.