Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub


Digərləri 04 Yan 2020 15:28:34 114 0

Beynəlxalq Muğam Mərkəzi ili rekord rəqəmlərlə başa vurub

Beynəlxalq Muğam Mərkəzi 2019-cu ili rekord rəqəmlərlə dekabr ayında 51 tədbir reallaşdıraraq başa vurdu

Bakı. Muğam sənətinin ocağı funksiyasını daşıyan Beynəlxalq Muğam Mərkəzi 2019-cu ilə uğurla yekun vurub. Trend-in məlumatına görə, yola saldığımız il BMM üçün yaradıcılıq və konsert fəaliyyəti baxımından əlamətdar illərdən biri olub. Belə ki, son 4 ay sentyabr-dekabr ayları ərzində Mərkəzdə Azərbaycan mədəniyyəti və incəsənətinin gözəl nümunələrinin təbliği və inkişafı məqsədilə çoxsaylı tədbir və konsertlər reallaşdırılıb. Təkcə onu qeyd etmək yerinə düşər ki, may ayında mərkəzdə 32 konsert proqramı keçirilmişdisə, noyabr və dekabr aylarında bu konsertlərin sayı hər ay üçün 48 və 51 rəqəmini üstələyib. Belə ki, BMM-nin layihələri, “Unudulmayanlar", "Muğam axşamları", "Etnik musiqi inciləri", "Sirlər xəzinəsi", "Qəzəllər" , "Aşıq musiqisi axşamları" çərçivəsində təşkil edilən konsertlər adından da göründüyü kimi milli musiqimizin, muğamlarımızın təbliğinə xidmət edir. “Unudulmayanlar” layihəsi çərçivəsində unudulmaz xanəndələr Seyid Mirbabayev, Sara Qədimova, Əbülfət Əliyev, Qədir Rüstəmova həsr olunmuş xatirə gecələri , “Muğam axşamları” layihəsi əsasında “Şur”, “Rast”, “Bayatı Şiraz”, “Çahargah” muğamları dəstgah şəklində muğamsevərlərə təqdim olunmuşdur. "Klassik musiqi axşamları", "Klassik ifaçılıq məktəbimizin görkəmli nümayəndələri" kimi layihələr isə klassik musiqinin, Azərbaycan bəstəkarlıq məktəbinin təbliğinə yönələn ideyalardır. Bu layihələr çərçivəsində klassik musiqi ifaçılıq məktəbinin görkəmli nümayəndələrinin konsert və yubileyləri qeyd edilmiş, həm yerli həm də xarici ifaçıların çoxsaylı konsertləri həyata keçirilmiş, layihə çərçivəsində klassik musiqi ifaçılarının, bəstəkarların yaradıcılıqlarına müraciət olunur, ən gözəl nümunələr təqdim edilib. BMM-nin səhnəsində rusiyalı bəstəkar və ifaçı Senya Son, violin ifaçısı Sergey Doqadin, Maykl Qutman (violin) və Olqa Domninanın (piano), dünyaca məşhur caz ustalarından Jeymi Devis, Denise King və digərlərinin konsertlərini qeyd edə bilərik. Ənənəvi olaraq təşkil edilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının konsertləri və digər beynəlxalq layihələrin konsertləri mərkəzdə uğurla reallaşdırılıb. Mövsüm ərzində eləcə də səfirliklərlə birgə əməkdaşlıq çərçivəsində təşkil edilən konsertlər xalqların bir-birinin etnik musiqisinin tanımasına xidmət etməklə beynəlxalq əməkdaşlıq üçün yeni yollar açıb. Beynəlxalq əməkdaşlıq çərçivəsində BMM-nin səhnəsində Gürcüstan, Özbəkistan, Meksika, Çin, İndoneziya, Hindistan, Avstriya və digər ölkələrdən olan musiqiçilərin konsertləri keçirilib. 12-14 noyabr tarixlərində macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin iştirakı ilə macar xalq musiqisi, klassik və caz musiqisindən ibarət “Macarıstan musiqisi axşamları " adlı 3 günlük layihə- konsertlər təqdim olunub. Bu ilin oktyabr ayında beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşan möhtəşəm tədbirlərdən biri də Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən "Dəyirmi masa" layihəsi Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və Gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər" mövzusuna həsr edilmişdi. Eləcə də Tbilisidə BMM-nin təşkilatçılığı ilə "Qarabağ" muğam qrupunun konserti də keçirildi ki, bu layihə böyük əks sədaya səbəb oldu. Qarşılıqlı əlaqənin nümunəsi kimi Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri ansamblı, "Eqari" etno-caz qrupu bizim musiqiçilərlə eyni səhnəni bölüşdülər. BMM konsert fəaliyyətini təkcə öz səhnəsində reallaşdırmaqla işini yekunlaşdırmadı. Belə ki, mütəmadi olaraq regionlarda (Ağdam, Füzuli, Horadiz, Şamaxı) eləcə də Bakıətrafı qəsəbələrdə muğam ifaçılarının konsertlərini təşkil edildi. “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarında xanəndələron ifasında təsnif və xalq mahnıları təqdim edildi. Elmi -tədqiqat sahəsində işlərini davam etdirən mərkəz "Dəyirmi masa " layihəsi çərçivəsində bir sıra tədqiqat işləri ərsəyə gətirib. Bu işlər nəticəsində eləcə də BMM -nin nəşri olan kitablar və monoqrafiyalar nəşr edilərək ictimaiyyətə təqdim olunub. Muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Azərbaycan tarı: dünən, bu gün və sabah”, Aşıq sənətinin bugünkü vəziyyəti və perspektivləri", “Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri” , Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ”,Orta əsr musiqisi və musiqi alətlərinin tarixi” elmi tədqiqat mövzulu dəyirmi masalarda alim və mütəxəssislərin çıxışlar edərək bu sahələr üzrə təcrübələrini bölüşüblər.