Meydanda tək qalan istiqlal, fədai qətliamı, liderin müəmmalı ölümü...


Digərləri 02 Yan 2020 16:12:00 136 0

Meydanda tək qalan istiqlal, fədai qətliamı, liderin müəmmalı ölümü...

Bu gün Azərbaycan tarixində önəmli günlərdən biridir. 12 dekabr - "21 Azər hərəkatı" adlanan Cənubi Azərbaycan Milli Hökumətinin 1945-ci ildə yarandığı və bir il sonra - 1946-cı ildə süqut etdiyi gündür.

Son.az lent.az-a istinadən Milli Hökumətin yaranmasına qədər İran ətrafında baş verən siyasi proseslər, beynəlxalq münasibətlərin İrana təsiri, Milli Hökumətin yaranması, islahatlar, süqutu barədə tarixi faktları oxuculara təqdim edirik.

XX əsrin 30-cu illərinin sonunda mürəkkəbləşən beynəlxalq münasibətlər Avropa ölkələri ilə yanaşı Yaxın və Orta Şərq ölkələrinə də təsir edirdi. Çünki müharibələrə sərf ediləcək maddi sərvətlərin mənbəyi şərq ölkələri idi. Avropada dövlətlərin zəifləməsi, məğlub olması onların şərqdəki müstəmləkələrinə də təsir edirdi və bəzən bu koloniyalar qalib dövlətə dövr edilirdi. İran isə müstəmləkə dövlət deyildi. Burada köhnə ənənələrlə idarə edilən şahlıq rejimi sürürdü. Ölkənin coğrafiyası, təbii sərvətləri, əlverişli quru, Xəzər dənizi və Körfəz üzərindən su yolu imkanları həm Sovet İttifaqının, həm də İngiltərə, Fransa, Almaniya kimi qərb dövlətlərinin nəzərində idi. Adıçəkilən dörd dövlətin hər biri yubanmadan buraya sahiblənmək istəyirdi.

1939-cu il sentyabrın 2-də Polşanın işğalı ilə Almaniya ikinci dünya müharibəsini başlatdı. Ardınca müharibəyə qoşulan və bitərəf olacaq dövlətlər bəyanatlar verməyə başladılar. Sentyabrın 4-də İran şahı Rza Pəhləvi də bitərəflik haqqında bəyanat verdi. Lakin şahın əvvəldən də Almaniya ilə həm siyasi münasibətləri, həm də bəzi layihələrin həyata keçirilməsində birgə fəaliyyətləri olduğundan bu bəyanat digər dövlətlər tərəfindən ciddiyə alınmadı. Gizlində həqiqətən də şah almanlarla ittifaqda idi. Eyni zamanda, o, Stalindən də çəkinir, onunla da münasibətləri normal saxlamağa çalışırdı. Bu münasibətlə Rza Pəhləvi Stalinə dostluq, əməkdaşlıq haqqında məktublar göndərirdi. Həmin ilin dekabrında Stalinin 60 illiyi münasibəti ilə ona göndərdiyi təmtəraqlı məktubunda şah Stalinə "yüksək səviyyəli rəhbər" deyə müraciət etmişdi. Bu fürsətdən istifadə edən Stalin şaha cavab məktubunda Sovet-İran dəmir yolu xəttinin çəkilməsi üçün bir birgə tədbir keçirilməsini xahiş etmişdi. Belə bir vaxtda Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov da fürsəti əldən verməyərək, Cənubi Azərbaycanı sovet Azərbaycanına birləşdirmək planları qururdu. O, Stalinə Cənubi Azərbaycan haqqında 35 səhifəlik arayış yazıb göndərir. Arayışda xalqın tarixindən, milli mədəniyyətindən, dilindən bəhs etməklə yanaşı, Arazdan cənubdakı soydaşlarımızın şah rejimindən qurtularaq, şimaldakı xalqla eyni statusda SSRİ tərkibində yaşamaq istədiklərini vurğulayırdı. O, şahın məhz buna görə azərbaycanlılar yaşayan ərazilərdə polis rejimi yaradaraq, xalqa zülm etdiyini də üç dəfə qeyd etmişdi. Stalin bu yazıdan nəticə çıxarır və Cənubi Azərbaycanı da Qafqaz Azərbaycanı adlandırdıqları Azərbaycan SSR-ə birləşdirərək sovet torpaqlarına qatmaq üçün zamanın yetişdiyini düşünür. Bu, həm də gələcəkdə Almaniya tərəfindən Xəzər üzərindən Bakı neftinə gələcək təhlükəni uzaqlaşdırmaq demək idi. Stalin İranı araşdırmaq və qərarların hazırlanması üçün dərhal Xalq Komissarları Sovetinə (XKS) şərqşünas kadrlar cəlb etmək əmrini verir. İmperiyanın akademiyalarından kadrlar mərkəzə toplandı. 1941-ci ilin iyununda Almaniyanın SSRİ-yə hücumu və işğallar Bakı neftini təhlükədə qoyurdu. Bir tərəfdən də Almanların İranla işbirliyi güclənmişdi. Belə bir vaxtda İngiltərə Hindistanı, SSRİ də Bakını qorumaq və öz aralarında quru sərhədi yaratmaq üçün planlı şəkildə cənubdan İngiltərə, Şimaldan isə SSRİ İrana qoşun yeritdilər. Şah taxtdan salındı, oğlu Məhəmməd Rza Pəhləvi Şah elan edildi.

Cənubi Azərbaycanda Milli Hərəkatın yaranması.

Belə bir vaxtda Mircəfər Bağırov fürsəti dəyərləndirməyə qərar verdi. O, gizli şəkildə Naxçıvandan keçərək Təbrizə yola düşdü. Təbrizdən qayıdan kimi, sentyabrın 5-də Stalin teleqramla onu təcili olaraq Moskvaya çağırdı. Ona orada Cənubi Azərbaycanla bağlı Bakıda geniş təbliğat aparılmasını, mədəniyyət nümayəndələrinin Təbrizə qastrol səfərlərinə göndərilməsini, cənub üçün türk dilində qəzetin təsis edilməsini tapşırdı. Əziz Əliyevin rəhbərliyi ilə Təbrizə səfər təşkil edildi. Burada "Koroğlu", "Leyli Məcnun" operaları səhnələşdirildi. "Vətən yolunda" qəzeti fəaliyyətə başladı. Şimallı-cənublu şairlər burada anti-faşist məqsədli, vətən həsrətindən alovlu şeirlər yazırdılar.

Nə üçün Pişəvəri?

1944-cü ildə İranda XIV çağırış parlament seçkiləri keçirildi. Bu zaman Azərbaycan əyalətlərindən 21 nəfər məclisə seçilmək uğrunda mübarizəyə başladı. Namizədlərdən 13 nəfər qəti qələbə qazandı. Onlardan biri də Azərbaycanlıların aydın mübarizə adamı , jurnalist, əvvəllər şah rejiminə qarşı çıxdığına görə və kommunist damğası vurularaq həbs edilmiş Seyid Cəfər Pişəvəri idi. O, 16 min Təbrizlinin etimadını qazanmışdı. Bu zaman M.C.Bağırovun Təbrizdəki nümayəndəsi Həsən Həsənovla görüşən Pişəvəri, Cənubi Azərbaycandan seçilən deputatların çoxluq təşkil edən şah tərəfdarlarından çəkinərək, məclisdə SSRİ-nin təbliğatını aparmayacaqlarını bildirdi. Pişəvərinin mədəni danışığı, siyasi düşüncələri H.Həsənovu cəlb etdi. Ertəsi gün M.Bağırova məktub yazaraq, Pişəvəri haqqında arayış təqdim etdi. Şah rejimi Pişəvərinin hörmətini və Təbriz camaatı tərəfindən dəstəkləndiyini görərək, gələcəkdə də İranın başına bəla olacağını düşünərək, onun səslərini ləğv etdi. Mandatı əlindən alınan və daha sərt mübarizəyə başlayan Pişəvəri Azərbaycan SSR və M.C.Bağırovla münasibətləri daha da yaxınlaşdırmağa başladı.

1945-ci ilin əvvəlləri idi. Sovetlər və müttəfiqləri Almaniya üzərində qələbəyə yaxınlaşırdılar. İran şahlığı da siyasi böhran keçirirdi. Çünki 1943-cü il Tehran Konfransından sonra da İrana bir sıra xəbərdarlıqlar edilmiş, neytrallığını qorumazsa, ölkənin 3 işğal zonasına bölünəcəyi bildirilmişdi.

Berlinə qələbə bayrağı sancan SSRİ İran məsələsini unutmur. Moskva İngiltərə və Amerikanı qabaqlayaraq, İran neftinə sahiblənməyi hədəfləmişdi. Belə bir şəraitdə Mircəfər Bağırov Qafqaz Şeyxülislamlıq Dini İdarəsinə fətva yazdıraraq, İrana göndərir. Burada din qardaşlarını Sovet Azərbaycanındakı müsəlmanlarla eyni gözdə gördükləri, demokratikləşmə prosesində onlara heç bir dini qadağa qoyulmayacağı, əksinə, sovet dövlətinin də bu prosesə böyük dəstəyinin olacağı yazılırdı. Fətvanı imzalayanlar Cənubi Azərbaycanı Qafqaz müsəlmanları ilə birlikdə olmağa çağırırdılar...

Başqa yandan da Stalinin tapşırığı ilə Cənubi Azərbaycanın sərhədləri müəyyənləşdirildi. İş yekunlaşan kimi Təbrizdə Pişəvərinin liderliyi ilə 30 min nəfərlik mitinq keçirildi. Şimaldakı müzakirələrdən sonra Bağırov qərarını qətiləşdirdi: Stalinin də şəxsən tanıdığı Pişəvəri yeni yaradılacaq Azərbaycan Demokratik Firqəsinə (ADF) rəhbər gətirilsin.

Milli Hökumətin yaranması

ADF ilk xalq konqresini 1945-ci ilin noyabrın 20-də açdı. Konqres Səttərxan, Şeyx Məhəmməd Xiyabaninin şüarları ilə işə başladı. Bir çox nümayəndələrə çıxış üçün söz verildi. Yekun çıxışda Pişəvəri İran şahlığından tələb etdi ki, Azərbaycan xalqı üzərindən əlini çəksin və xalqa öz hökumətini qurmaq imkanı verilsin. Konqres Milli Hökumətin yaradılması, azad seçkilər, torpaq və s. haqqında bəyannamə də qəbul etdi. Dekabrın 11-nə kimi milli fədailər bütün Azərbaycan torpaqlarını nəzarətə aldılar. Pişəvəri isə keçirilən tədbirlər və Milli Məclisin təşkili haqqında hər gün sovet nümayəndəsinə məruzə edirdi.

12 dekabr 1945-ci il. Axşam saatlarında keçirilən iclasda Milli Hökumətin yarandığı elan edildi. S.C.Pişəvəri Baş Nazir, Salamulla Cavid daxili işlər naziri, Firudin İbrahimi isə baş prokuror təyin edildi. Bu hadisə İranda mövcud olan təqvimlə Azər ayının 21-ci günü baş verdiyindən tarixə "21 Azər hərəkatı" adı ilə yazıldı.

Sovet nümayəndələri hökumətin varlığından rahatlıq duyaraq, Təbrizdən Bakıya qayıtdılar. Bir il ərzində Milli Hökumət Cənubi Azərbaycanda xalqın da dəstəyi ilə inqilabi dəyişikliklər həyata keçirdi. Onlardan ən önəmlisi Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu. Milli məktəblərin ölkənin hər yerində açılması Milli Hökumətin daha bir əhəmiyyətli addımı oldu. İcbari təhsil proqramı və ana dilində dərsliklərin hazırlanmasına başlanıldı. İlk dəfə Təbrizdə müasir tələblərə cavab verən Universitet açıldı. Onlarla kitabxana və mədəniyyət ocaqları fəaliyyətə başladı. Demokratik ədəbiyyatı inkişaf etdirmək üçün milli mətbəə və Yazıçılar Cəmiyyəti yaradıldı. Bundan əlavə, Milli Hökumətin qəbul etdiyi qanunlarla torpaq məsələsi həll edildi, yeni taxıl növlərinin əkilməsi, texnikaların alınması problemi də həll edildi. Açıq əkilən və istehsal edilən tiryəkə qadağa qoyuldu. Ümumilikdə Milli Hökumətin apardığı islahatlar, verdiyi fərmanlar ilk dəfə İran tarixində Azərbaycan xalqını milli-mədəni dəyərlər üzərində sıx birləşdirdi və milli şüuru, ictimai fəallığı qısa müddətdə inkişaf etdirdi. Bundan əlavə, Milli Hökumətə yardım məqsədi ilə neft, neft məhsulları göndərməyi Bağırovun qərarı ilə Azərbaycan SSR öz üzərinə götürürdü. Ticarəti canlandırmaq üçün də bir sıra islahatlar həyata keçirilməyə başlanıldı.

Milli Hökumətin süqutu

1946-cı ilin əvvəlində İranda yenicə baş nazir keçən Əhməd Qəvvam (Qəvvam əs Səltənə) ölkəni siyasi böhrandan çıxarmaq üçün ilk görüşlərin Amerika və İngiltərə ilə deyil, məhz SSRİ-nin rəhbəri Stalinlə keçirilməsini vacib saydı. İngilis basqılarının olacağından ehtiyat edən Şah da başda olmaqla bir çox nazirlər buna etiraz etsələr də Qəvvam fevral ayında Moskvaya səfər etdi. Stalinlə görüşdə İranın daxili böhranından danışan Qəvvam, Stalinin qarşısına bu tələbləri qoyur:

SSRİ, İngiltərə və ABŞ arasında bağlanılan müqaviləyə görə, bu ölkələrlə yanaşı, SSRİ də qoşunlarını İrandan çıxarmalıdır. İran ilə SSRİ arasında neft müqaviləsi bağlanılacaq. Bu müqavilə SSRİ qoşunları İrandan tamamilə çıxandan sonra 60 gün ərzində bağlanıla bilər. İranda XV məclis seçkiləri keçiriləcəyi zaman Azərbaycanda təhlükəsizlik qüvvələri olmadığından seçkilərə şahın qoşunları nəzarət edəcəklər. İran Azərbaycan Demokratik Firqəsinə 1 yer verəcəyinə və muxtariyyətə toxunmayacağına söz verir.

Sonralar Molotov bu hadisəni xatırlayaraq yazmışdı ki, heç bir şərtlə razılaşmayan, yeri gəlsə İran məsələsində müqaviləni də pozaraq İngiltərə və Amerikaya meydan oxuyacağını bildirən Stalinin qarşısında Qəvvam əlacsız qalaraq diz çökür. O, Stalinə "böyük rəhbər" deyərək yalvarır ki, İranın böyük keçmişi, mədəniyyəti var, onu dağıtmayın. Biz qarşılığında neftin böyük hissəsini verməyə də razıyıq, yetər ki, İran parçalanmasın.