“Beş” alsan səni gəzməyə aparacam deməklə...


Digərləri 02 Yan 2020 15:36:00 127 0

“Beş” alsan səni gəzməyə aparacam deməklə...

"Cəzalandırma yox, mükafatlandırma yolu ilə uşaqlarda təhsilə, öyrənməyə maraq oyatmaq daha məqbuldur. Amma bu mükafatlandırma hər zaman madiyyata əsaslanmamalıdır".

Son.az Teleqraf.com-a istinadən bildirir ki, bu sözləri psixoloq Orxan Oruc deyib.

Onun sözlərinə görə, uşaqları maddi şeylərlə mükafatlandırmaq gələcək fəaliyyətlərində qarşılıq gözləmələrinə səbəb olacaq: "Valideynin uşağa qarşı sevgisi, hərəkətini təqdir etməsi və ya bəyəndiyini bildirməsinin özü də bir mükafatlandırmadır. Uşaqların tərbiyəsi ilə bağlı məşhur deyim var: "Yanlış hərəkətlərini görməzdən gəl, doğru davranışlarını mükafatlandır".

Psixoloq bildirib ki, xoş olmayan hərəkətlərinə görə uşaqlara emosional təsir göstərdikdə onlarda həmin davranışlara şüuraltı maraq yaratmış oluruq: "Uşaq dərs oxumursa, dərsə həvəssizdirsə, bunu faciəyə çevirmək ona qarşı əlavə təzyiq hesab olunur. Müəyyən halları görməzdən gəlib, təqdirəlayiq davranışları emosional olaraq mükafatlandırmaya üstünlük verməliyik".

Ekspert qeyd edib ki, müəyyən vaxtlarda uşağı hədiyyə, yaxud gəzməklə mükafatlandırmaq olar, amma bu tez-tez təkrarlanmamalıdır: "Hər dəfə "5" alsan, səni əyləncə mərkəzinə aparacağıq" deməklə uşaqda təhsilə sağlam maraq oyatmaq mümkün deyil. Eyni zamanda, qiymətləri aşağı olduğu üçün onu nələrdənsə məhrum etdiyimiz zaman uşaqda ruh düşkünlüyünə səbəb olacağıq.