Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı istiqamətində hansı işlər görülüb?


Digərləri 02 Yan 2020 13:33:00 115 0

Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı istiqamətində hansı işlər görülüb?

Mədəniyyət Nazirliyinin 2019-cu ilin müəyyən edilmiş iş planına müvafiq olaraq xalq yaradıcılığı və mədəni marşrutlar sahələrində mövcud vəziyyət öyrənilib və təhlil olunub.

Bakı. Mədəniyyət Nazirliyinin 2019-cu ilin müəyyən edilmiş iş planına müvafiq olaraq xalq yaradıcılığı və mədəni marşrutlar sahələrində mövcud vəziyyət öyrənilib və təhlil olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, təhlillər nəticəsində xalq yaradıcılığı və mədəni marşrutların inkişafının təmin edilməsi, bu sahədə müasir, innovativ yeniliklərin tətbiqi istiqamətində prioritet istiqamətlər müəyyən edilib və bu sahədə mühüm tədbirlər həyata keçirilib. Belə ki, Aşıqlar Birliyinin təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının 95 illiyi ilə bağlı Tovuzda geniş tədbir təşkil olunub. Həmçinin Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin açılışı olub və bu münasibətlə bölmənin iqamətgahında saz-söz məclisi təşkil edilib. Eyni zamanda, Azərbaycan aşıqları Özbəkistanda keçirilən Beynəlxalq baxış müsabiqəsində iştirak edərək ikinci yerə layiq görülüblər. Ötən il iyunun 10-da “Aşıq Pəri məclisi”nin 35 illiyi ilə bağlı Heydər Əliyev Sarayında böyük yubiley tədbiri və konsert təşkil olunub. Gədəbəydə İlyas Tapdığın 85 illik yubileyində Bakıdan və digər bölgələrdən gələn aşıqlar geniş konsert proqramı ilə çıxış edib, Qazaxda ustad aşıq Camoy Qurbanovun 65 illik yubileyi keçirilib. Xalq teatrlarının fəaliyyətinin dəstəklənməsi, Bakı şəhərində, xüsusən regionlarda mədəni həyatın təşkilində rolunun artırılması məqsədilə 2019-cu il aprelin 1-dən 28-dək III Respublika Xalq Teatrları Festivalının Bakı şəhəri və bölgələrdə seçim mərhələsi təşkil olunub. 2019-cu il iyunun 23-dən 25-dək Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçirilib. Xalq yaradıcılığının qorunması, inkişafı, təbliği istiqamətində uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş kollektivlərə “xalq” statusunun verilməsi ənənəsinə müvafiq olaraq və “Xalq özfəaliyyət kollektivlərinin nümunəvi Əsasnaməsi”ni rəhbər tutaraq İsmayıllı rayonunun “Lahıc folklor kollektivi”nə, Lənkəran rayonunun “Nənələr folklor kollektivi”nə, Şamaxı rayonunun “Şirvan” folklor qrupuna “xalq kollektivi” statusu verilib.