2019-cu ildə Azərbaycanın bank sektoru durmadan inkişaf edib - ŞƏRH


Digərləri 02 Yan 2020 12:45:00 105 0

2019-cu ildə Azərbaycanın bank sektoru durmadan inkişaf edib - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin maliyyə-bank sektorunda da 2019-cu ildə inkişaf qeydə alınıb.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin maliyyə-bank sektorunda da 2019-cu ildə inkişaf qeydə alınıb. Dünya Bankının son illərdə dünyanın 20 ən islahatçı ölkəsi sırasına adını daxil etdiyi Azərbaycan iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar aparmaqla inamlı addımlarla inkişaf edir. 2019-cu ildə də bir sıra əhəmiyyətli islahatlar müxtəlif sahələrin inkişafına təsir edib və iqtisadi inkişaf üçün stimul olub. Ölkədə aparılan kompleks iqtisadi islahatlar maliyyə-bank sektorundan da yan keçməyib. Belə ki, bu islahatlar maliyyə sektorunun institusional inkişafı, bank sektorunun canlandırılması, rəqəmsal ödənişlərin stimullaşdırılması və s istiqamətlərə yönəlib. Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Məsumə Talıbova deyib. Onun sözlərinə görə, bank sektoru üçün 2019-cu ilin ən kolosal islahat tədbiri olaraq 28 fevral 2019-cu il tarixində imzalanan "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Prezident İlham Əliyevin verdiyi Fərmanı qeyd etmək olar: "Belə ki bu islahat tədbiri hər şeydən öncə böyük miqyaslı sosial layihə olmaqla, eyni zamanda, maliyyə sektorunun qeyri-işlək aktivlərdən azad olunması, likvidliyin təmin olunması və ümumən sektorun canlanması üçün çox böyük əhəmiyyətə malik oldu. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödənildi. Ümumilikdə 800 mindən artıq əhalini əhatə edən bu islahat tədbiri vətəndaş məmnunluğunun artmasına səbəb oldu. Bank sektoruna olan təsirinə gəldikdə isə ümumi kredit portfelində problemli aktivlərin xüsusi çəkisinin 2,6% azaldığını və bununla da portfelin sağlamlaşmasına gətirib çıxardığını qeyd etmək olar. 2019-cu ildə tənzimləyici xarakterli normativ-hüquqi aktların qəbul olunması da bank sektorunun idarəçilik və səmərəlilik məsələlərində daha da inkişaf etməsinə təkan verəcək. Bu dəyişikliklərə misal olaraq "Banklarda risklərin idarə olunması haqqında Qaydalar" və "Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları"-nı göstərmək olar. Bu qaydalar risklərin təsnifatını apararaq onların idarəedilməsi strategiyasını, siyasətini, idarə edilməsi prosesini və bu istiqamətdə nəzərdə tutulan tədbirləri müəyyənləşdirib. Bazel Komitəsinin "Korporativ idarəetmənin təkmilləşdirilməsi üzrə prinsiplər"i və beynəlxalq korporativ idarəetmə təcrübəsi nəzərə alınmaqla hazırlanmış "Banklarda korporativ idarəetmə Standartları"nın qəbul olunması da bankların institusional inkişafı üçün mühüm islahat tədbiri olaraq qeyd edilməlidir". Analitik qeyd edib ki, biznes sektorunun inkişafı və ümumən iqtisadi inkişafa aparan yolda ən önəmli məsələlərdən hesab olunan maliyyə resurslarına asan çıxışın təmin olunmasıdır: "2019-cu ildə tətbiq olunan "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikasının Qanununa və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə edilmiş dəyişikliklər ölkədə kreditə əlçatanlığı asanlaşdırıb. Belə ki, Daşınar əmlakın girov olaraq təqdim edilməsi və kreditlərin əldə olunması prosesinə uyğun olaraq Mülki Məcəllədəki dəyişikliklər, Reyestrin tam şəkildə işləməsi artıq nəzəri olaraq mövcud olan mexanizmin praktik tətbiq olunmasına gətirib çıxardı. Bu islahatlar nəticəsində Azərbaycan kredit əldə etmənin asanlığına görə Dünya Bankının "Doing Business" Hesabatına əsasən 190 ölkə arasında 1-ci yerdə qiymətləndirilib. Kredit bürosunun əhatə dairəsi yetkin əhaliyə nisbətdə keçən il ilə müqayisədə 41.5%-dən 45%-ə yüksəlib. Bundan başqa, nüfuzlu kredit reytinqi agentləri də sektorda baş verən müsbət dəyişiklikləri müvafiq olaraq qiymətləndirib. Belə ki, "Moody’s" son hesabatında Azərbaycanın mövqeyini sabit "Ba2" səviyyəsində qiymətləndirib, "Fitch" beynəlxalq reytinq agentliyi də oxşar mövqeni təsdiqləyərək ölkəmizin Cənubi Qafqaz üzrə birinci yerdə olduğunu qeyd edib".