Səyahətdən qayıdarkən qanunları pozmadan nələri gətirmək olar


Digərləri 15 Dek 2019 22:20:00 121 0

Səyahətdən qayıdarkən qanunları pozmadan nələri gətirmək olar

Qanunsevər vətəndaşlar başqa ölkələrə səyahətdən qayıdarkən özləri ilə narkotik maddələr, silah və döyüş sursatı götürməyi yəqin ki, heç ağıllarına da gətirməzlər. Buna şübhə yoxdur. Lakin çimərlikdən götürülmüş adi balıqqulağı və ya palma toxumu ucbatından böyük məbləğdə cərimə ödəməli olar, hətta dəmir barmaqlıqlar arxasına düşə bilərsiniz.

Son.az AZƏRTAC-a istinadən səyahətdən yalnız xoş xatirələr və leqal suvenirlərlə qayıtmaq barədə yazını təqdim edir.

Qəribə qadağalar

Hər bir ölkədə özünəməxsus məhdudiyyətlər var. Ümumiyyətlə özünüzlə tütün, antikvariat və mədəni dəyərlər götürməyə hazırlaşırsınızsa, çox diqqətli olmalısınız. Bir sıra ölkələrdən qayıdarkən özünüzlə bitki və heyvanlar, həmçinin müqəvva və dərilər götürmək qadağandır. Belə əşyaları mağazalarda almısınızsa, müvafiq çekləri hökmən saxlayın, gömrük yoxlamasından keçərkən bu çeklər sizə lazım olacaq.

Turizm biznesi üzrə ixtisaslaşan hüquqşünas İrina Dotsenko deyir: "Ən əsas məsləhət budur ki, əgər tanımadığınız adamlar sizdən nəyisə aparmağı, orada onu kiməsə çatdırmağı xahiş edirlərsə, heç vaxt razılaşmayın".

Bununla belə, bəzi qanunlar səyahətçilər üçün xoşagəlməz sürprizə çevrilə bilər.

Adi bir daş ucbatından həbsxanaya düşə bilərsiniz

Ən populyar turizm istiqamətlərindən olan Türkiyədə sərhəddən keçərkən nadir hallarda problem yaranır, lakin bu ölkədən aparılan suvenirlərin ümumi dəyəri min dolları aşmamalıdır. Ölkədən aparılan qədim əşyaların və arxeoloji artefaktların miqdarı ilə bağlı qadağalar var. Bu qadağalar sənətkarlardan və ya əntiq əşyalar satılan dükanlardan alınmış suvenirlərlə bərabər çimərlikdə tapılmış əşyalara da aiddir. Buna görə 4 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub. Misir və Tunisdə də oxşar qadağalar müəyyən olunub. Məsələn, Misirdən aparılan qızılın dəyəri 3 min dollardan çox olmamalıdır, Tunisdən isə palma ağacı, ondan hazırlanmış əşyalar və həna gətirilməsi qadağandır.

Heyvanlara toxunmayın

Nəsli kəsilmək qorxusu olan heyvanları, fil sümüyündən, tısbağa qınından, balıqqulağı, pələng dərisi və mərcandan hazırlanmış əşyaları sərhəddən keçirməyə cəhd göstərməyin.

Tailanddan qızıl külçələr, qiymətli daşlar, platin bəzək əşyaları, müvafiq lisenziyası olmadan marka və antikvariat aparılması qadağandır.

Şri-Lankadan antikvariat, nadir kitablar, palma yarpaqları üzərində əlyazmalar, fil sümüyündən məmulatlar, xırda pul və marka kolleksiyaları, cilalanmamış qiymətli daşlar, habelə 2 kiloqramdan çox çay aparılmasına icazə verilmir.