Yer kürəsinin 10 kristallikaynalı məkanı FOTO


Digərləri 15 Dek 2019 19:29:00 142 0

Yer kürəsinin 10 kristallikaynalı məkanı  FOTO

Kristalların və güzgülərin öz parlaqlığı ilə daim insanları ovsunlayan bir ecazı var. Son.az AZƏRTAC-a istinadən Yer kürəsinin 10 kristallik-aynalı məkanını oxuculara təqdim edir.

10. Aynalı göl, Rusiya

Leninqrad vilayətinin Vıborq rayonunda yerləşən bu gölün səthində onu əhatə edən bitkilər, heyvanlar və hətta buludlar, demək olar, ideal şəkildə əks olunur. Dərinliyi 49 metrə çatan göl durnabalığının, suf və xanı balıqlarının məskənidir.

Gölün sahilində istirahət bazası yerləşir. Əfsanəyə görə, göldə yerləşən iki adadan birində insan məskunlaşıb və o, özünə yeraltı mənzil yaradıb. Mənzilə giriş isə buzlaq dövrünə aid böyük qaya parçasının altında yerləşir.

9. Parlaq təpələr və ya Şüşəli dağlar, ABŞ

Oklahomanın şimal-qərbində Parlaq təpələrin yamacları bolluca selenit kristalları ilə örtülüb. Sanki gözəgörünməz bir qüvvə nəhəng şüşənin parçalarını ətrafa səpələyib və indi bu parçalar bərq vuraraq, günəş işığını əks etdirir.

ABŞ-ın Kaliforniya, Oreqon, Yuta və s. ştatlarında da buna bənzər dağlara təsadüf olunur.

8. Beş rəngli göl, Çin

Sıçuan əyalətində yerləşən göl ən gözəl yerli məkanlardan biridir. Gölün suyu kalsium karbonatla, habelə birlikdə rəng müxtəlifliyi effekti yaradan hidrofitlərlə zəngindir.

Qədim ağacların dumduru gölün dibində, beşmetrlik dərinlikdə yerləşən gövdələri tünd yaşıl rəngində naxışlar əmələ gətirir. Bu naxışlar intensiv lacivərdi göy, qaramtıl yaşıl, açıq sarı rəng çalarları arasından süzülərək suyun səthinə çıxır.

7. Kristallar mağarası, Meksika

Dünyada adlarında "kristallik" sözünə təsadüf olunan bir neçə mağara var. Lakin Meksikanın Nayka şəhəri ətrafında yerləşən Kristallar mağarası, yaxud nəhəng kristallik mağara onlar arasında xüsusi yer tutur və haqlı olaraq dünyanın ən gözəl kristallik məkanlarından biri hesab edilir.

Mağara nəhəng şüşəyəoxşar selenit kristallarla doludur. Mağaranın böyük hissəsi indiyədək tədqiq edilməyib, çünki hətta hazırlıqlı insanlar belə mağaranın içindəki istiyə 10 dəqiqədən çox davam gətirə bilmir.

Mağaranın altında maqma qovuğu yerləşir. Maqma sayəsində yeraltı sular qızaraq, külli miqdarda gips və digər mineral maddələri öz canına çəkib. Mağara yüz minilliklər, bəlkə də milyonilliklər boyu qaynar minerallardan ibarət qatışıqla dolub. Bununla belə, mağarada temperatur sabit olub (54-58 dərəcə) və kristallar maneəsiz arta bilib.

Amma bu kristallar havada dağılır. Buna görə də Nayka mağarasının tədqiqatçıları bu geoloji obyekti sənədləşdirməyə çalışırlar.

6.Quron gölü, Şimali Amerika

Şimali Amerikanın beş Böyük gölündən biri Kanada ilə ABŞ sərhədində yerləşir. Görünür, kontinental buzlaqlar geri çəkiləndə (bu hadisə sonuncu buzlaq dövrünün axırında, təqribən 11,7 min il əvvəl baş verib), buzlağın əriməsi bu gölün əmələ gəlməsinə gətirib çıxarıb.

Şimali Amerikanın müstəmləkə əsarətinə alınması prosesinin sürətlə getdiyi XVII əsrdən başlayaraq Quron gölündə, habelə digər dörd Böyük göldə minlərlə gəmi batıb. Gölün dayaz yerində, təmiz və şəffaf suyun içində hələ də əbədi donub qalmış gəmi parçalarını görmək olar.