Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?


Digərləri 15 Dek 2019 15:20:21 148 0

Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?

Enerji içkiləri hansı halda zəhərlənməyə səbəb ola bilər?

Bakı. Enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilir. Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, enerji içkilərinin istehsalında istifadə olunan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Kofein qida sənayesində çox istifadə olunan psixoaktiv maddədir və reseptsiz olaraq satılır. Kofein, fiziki olaraq ürək ağrıları riskini artırır, skelet əzələlərini stimullaşdırır, insulin həssaslığını azaldır. İnsan orqanizmi kofeinin müəyyən ölçüdə qəbul edilməsinə tolerantdır, ancaq böyük həcmdə enerji içkisi kimi qəbul edilməsi daha ciddi fəsadlara, qıcolmalara, maniya, insult və qəfil ölümə səbəb ola bilər. Sağlam, yetkin insanların gün ərzində ≤400 mq kofeindən istifadə etməyi təhlükəsiz sayılır. Kəskin klinik toksik təsir 1 qr-dan başlayır, 5-10 qr arasında isə istifadə ölüm hallarına gətirib çıxara bilər. Ancaq Avstraliyada tərkibində 320 mq-dan çox kofein miqdarı olan 5 enerji içkisi qadağan olunub. ABŞ-da enerji içkilərinin tərkibindəki kofein miqdarının 200 mq-dan az olması daha təhlükəsiz sayılır. Gün ərzində enerji içkisinin normadan artıq qəbulu orqanizmdə kofein miqdarını artırması səbəbindən təhlükəli ola bilər. Bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır: - Məhsulu alarkən onun tərkibi ilə tanış olun; - Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır; - Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər; - Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Enerji içkilərinin tərkibində əlavə edilən kofeinin miqdarı insan sağlamlığına təhlükə yarada bilməyəcək səviyyədə olmalıdır. Bu içkiləri qəbul etmək insanlarda, xüsusilə də kiçik yaş qruplarında olan uşaqlarda yuxusuzluq, piylənmə, böyrək xəstəlikləri, sinir sisteminin pozğunluqlarına və s. səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Şöbəsinin 2014-cü ildə açıqladığı hesabata əsasən, enerji içkiləri gənclərin sağlamlığında müəyyən problemlər yarada bilər. Bu qida məhsulları daha çox fiziki və zehni gücü artıran məhsullar olaraq ictimaiyyətə təqdim edilsə də, insanların sağlamlığı üçün zərərli tərəfləri mövcuddur. Ümumdünya Səhiyyə Təşkilatı hazırladığı hesabatda enerji içkiləri üçün kofein məhlulunun maksimum həddinin müəyyənləşməsini, marketinq fəaliyyətlərində standartların tətbiq olunmasını, enerji içkilərinin uşaqlara satılmasının qarşısının alınmasını məsləhət görür. İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunub. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdıldı. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.