“Sitrus vadisi”ndə bir gün - Aqrotur (FOTO)


Digərləri 15 Dek 2019 12:52:25 270 0

“Sitrus vadisi”ndə bir gün - Aqrotur (FOTO)

"Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Sitrus vadisi" aqroturu təşkil olunub

Lənkəran. Ceyhun Ələkbərov - Bu gün Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan "Aqrar Tədarük və Təchizat" ASC və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə "Şəhərdən Kəndə" layihəsi çərçivəsində "Sitrus vadisi" aqroturu təşkil olunub. Trend-in məlumatına görə, Lənkəran şəhərinin İstisu qəsəbəsində yerləşən "Citrus Valley" fermer təsərrüfatına təşkil olunmuş aqroturda Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müvafiq dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. Aqroturun əsas məqsədi ölkəmizdə həyata keçirilən ilk aqroekoturizm layihəsi olan "Şəhərdən Kəndə" barədə xarici və yerli qonaqlara ətraflı məlumat vermək, onları yerli fermer təsərrüfatlarından biri ilə tanış etmək, eyni zamanda Lənkəran və Azərbaycanın digər regionlarında aqroekoturizmin inkişafına dəstək göstərmək olub. "Sitrus vadisi" təsərrüfatının sahibi fermer Rəftarə Şükürova çıxışında bildirib ki, artıq 1 ilə yaxındı "Aqrar Tədarük və Təchizat" ASC ilə əməkdaşlıq edir: "Biz gələcəkdə də kastroturizmin inkişafına da nail olmaq istəyirik. Bu da bizim qonaqlarımıza imkan yaradacaq ki, Lənkərana məxsus nemətləri bizim təsərrüfatda dadsınlar". Aqrotur çərçivəsində təşkil olunan tədbirdə çıxış edən Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Möhübbət Babayev bildirib ki, Lənkəran aqrar rayondur: "Sizin gəldiyiniz bu qəsəbə ilk çay fabriki tikilən ərazidir. Eyni zamanda burada sitrus bitkilərinin də yetişdirilməsinə böyük həvəs var. Bu gün Lənkəranda 1000 hektardan çox çəltik, 600 hektardan çox çay plantasiyaları var".