Dünən təkər yuyurdu, sabah olimpiadaya gedir Portret FOTO


Digərləri 15 Dek 2019 07:55:00 123 0

Dünən təkər yuyurdu, sabah olimpiadaya gedir  Portret  FOTO

O, həyat hekayəsi ilə hamıya - ələlxüsus da gənclərə, "mən bacardımsa, sən də bacararsan" mesajını verir

Son.az kaspi.az-a istinadən yazını təqdim edir. 

İl son akkordlarını vurur. Bir neçə gün sonra bir sıra kütləvi idman tədbirlərinin təşkilatçılığı ilə yadda qalan 2019-cu ili yola salıb, ölkə idman ictimaiyyəti üçün ən əhəmiyyətli olan olimpiya ilinə qədəm qoyacağıq. Hazırda isə bizi, dördilliyin əsas yarışından 7 aydan bir qədər çox zaman kəsiyi ayırır. Açıq danışsaq, cari ili olimpiyaçılarımız üçün elə də uğurlu adlandırmaq olmaz. Əsas ümid yerimiz olan güləşçilərimiz lisenziya xarakterli dünya çempionatında imkanlarından xeyli aşağı çıxış etdisə, digər növlərdə çıxış edən idmançılar da minimum lisenziya vəzifəsini yerinə yetirə bilmədi. Nəticədə, sadəcə, 9 olimpiya lisenziyamız rəsmiləşib. Bu baxımdan, daha çox gimnastlarımıza minnətdar olmalıyıq. Gimnastika demişkən, həm bu, həm də velosiped idmanında bir ilk yaşandı ki, bunları təsəlliverici məqam kimi qeyd etmək olar. Belə ki, hər iki növdə tarixdə ilk dəfə əslən azərbaycanlı şəxslər zirvə yarışına yollanmaq hüququ əldə etdi. Xatırlayırsınızsa, yaxın keçmişdə gimnastikanın bədii növündəki gənc qızımız haqqında ətraflı söhbət açmışdıq. Odur ki, velosipedçimizin də "borc"undan çıxmaq zamanıdır. Diqqətiniz bizdə olsun, 32 yaşlı qəhrəmanımızın olduqca maraqlı, bir o qədər də keşməkeşli həyat hekayəsi var.   Məhrumiyyətlərlə keçən uşaqlıq: Təkər yuyur, konduktor işləyir   Tanış olun: Əsədov Elçin Raqif oğlu. 12 fevral 1987-ci ildə Azərbaycanın erməni işğalı altında olan Füzuli rayonunun İkinci Mahmudlu kəndində dünyaya göz açıb. Altı yaşında ailəsi ilə doğma el-obasından didərgin düşərək, Xırdalanda məskunlaşıb. Taleyinə köçkünlük yazılan əksər uşaqlar kimi, müharibənin səbəb olduğu ağrı-acını kövrək ruhunda hiss edən Elçin, doğru-düzgün orta məktəb təhsili də ala bilməyib. Yurddan, sadəcə canını götürüb çıxan çoxuşaqlı ailənin maddi ehtiyaclarını qarşılamaq üçün erkən yaşlarından müxtəlif işlərdə çalışıb. Uzun müddət çilingər köməkçisi, bir ilə yaxın da şəhərarası marşrut avtobusunda konduktor işləyib. 15 yaşında baş tutan veloidmana gəliş tarixçəsini öz dilindən oxusaq, yaxşıdır: "Atam, anam, altı qardaş və bir bacım yataqxanaya sığındıq. Bəzən evdə adicə yeməyə çörək də tapılmırdı. Atamla böyük qardaşlarım evimizin yaxınlığındakı obyektdə işləyirdi. Mən də gedib, onlara kömək edirdim. Yol qırağında təkər yuyurdum, açar aparıb-gətirirdim. Bu, düz 2001-ci ilədək belə davam etdi. Uşaqlıqda boksa həvəsim vardı, amma heç cür imkan tapıb məşğul ola bilmədim. Böyük qardaşım əsgərlikdən gələndən sonra Velosiped İdmanı Federasiyasında fəhlə kimi işə düzəldi. O vaxt da federasiya yeni qurulurdu, idmançı yığırdılar. Mən də o ərəfədə tez-tez ora gedir, qardaşıma baş çəkib gəlirdim. Mühitə baxdım, həvəsim yarandı. Qardaşıma dedim, mən də bu uşaqlara qoşulmaq istəyirəm. Məşqçi Elçin Qəhrəmanov marağımı görüb dedi, istəyirsən, elə indidən başla. Əvvəl çox çətin idi. Düz iki il orda həm işləyib, həm də məşq elədim. 17 yaşımda isə ilk dəfə krassovka və dəmir velosipedlə yarışa çıxdım. Bakı-Quba yolunda keçirilən gənclər arasında Azərbaycan çempionatının qalibi oldum. Beləcə, məndəki potensialı gördülər və üzərimdə daha ciddi məşğul olmağa başladılar".

"Sarı köynək"li ilk həmyerlimiz   2005-ci ildə, 18 yaşında olarkən, Elçin Ukraynanın Krım vilayətinə, yerli gənclər yığması ilə birgə uzunmüddətli təcrübə proqramına göndərilir. Burada olduğu müddətdə daxili yarışlarda fərqlənir, o cümlədən Sovet dövründən sonra ilk azərbaycanlı olaraq, İranda keçirilən gənclər arasında beynəlxalq yarışın mükafatını qazanır. Ardınca Türkiyədə təşkil olunan böyüklərin yarışında da analoji ilkə imza atan Əsədov, respublika çempionatlarının fəxri kürsülərində möhkəmlənir. Sonrakı bir neçə il ölkə veloidmanı üçün eniş, hətta tükənmə dönəmi kimi yadda qaldığından, bu, Elçinin də karyerasına sirayət edir. Belə ki, 2008- 2011-ci illər ərzində onun hər hansı nəzərəçarpan nəticəsi olmayıb. 2012-ci ildə Almaniyaya yollanır, bir il sonra isə yeni yaranan "Sinerji Bakı" komandasının heyətində yer alır. Almaniya komandası ilə Türkiyədə keçirilən yarışda fərqlənirsə, Bakı klubunda debüt ilində Tailand turunun ikinci mərhələsində beşinci, Malayziyada təşkil olunan turnirin ilk mərhələsində dördüncü olur. Eyni zamanda, Ukrayna yarışında dəfələrlə ön plana çıxır, ölkə çempionatında qalibiyyət və medal sevinci yaşayır. Ümumilikdə, Əsədov, 2018-ci ilədək fəaliyyət göstərən Bakı klubunun sıralarında Ukrayna, Türkiyə, habelə, Belarus, Mərakeş, Çin və Birləşmiş Ərəb Əmirliklərində keçirilən tur və  digər yarışlarda bir neçə dəfə ön plana çıxıb. "Sinerji Bakı"nın dağılmasından sonra yığma komandanın heyətində yer alan Elçin, Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour of Peninsular" yarışında tarixi nəticəyə imza atır. Belə ki, 20 komandanın tərkibində 115 velosipedçinin iştirak etdiyi veloturun 196 kilometrlik ilk mərhələsini o, 3 saat, 57 dəqiqə, 26 saniyəyə başa vurmaqla finiş xəttini 1-ci keçir. Bununla da, ümumi təsnifatın birincisi olaraq, lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirir ki, hadisə ölkə veloidmanı tarixinə bir ilk kimi yazılır. Çünki onadək əslən azərbaycanlı, ölkəmizin yetirməsi olan velosipedçilər digər yarışlarda belə nəticə göstərsə də, əsas kateqoriyalı yarışda analoji uğuru qazanmağa müvəffəq olmamışdı.   Niyə məhz o?   İl ərzində şosse velosipedi üzrə kişilərdən ibarət yığma komandanın qarşısında duran əsas hədəf, sözsüz ki, "Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. İlk baxışdan bu, elə də asan görünmürdü. Həm ölkədə veloidmanının maddi durumu ürəkaçan səviyyədə deyil, həm də Tokio üçün nəzərdə tutulmuş iştirakçı sayı "Rio2016" ilə müqayisədə bir xeyli azalmışdı. Braziliya olimpiadasında kişilərin şosse velosipedi üçün 150 yer ayrılmışdısa, bu dəfə 130 nəfər lisenziya qazana bilərdi. Odur ki, komandamızın tamamilə yerli idmançılardan qurulan heyətinin ortaya qoyduğu əzm, qətiyyət, sadəcə, alqışalayiqdir. Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız, ötən ilin oktyabrından cari ilin analoji dövrünədək lisenziya xalları verən beynəlxalq nüfuzlu yarışlarda 894 xal topladı. Ümumilikdə, Beynəlxalq Velosipedçilər İttifaqına üzv olan 196 milli federasiyadan 113-ü Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandı ki, Azərbaycan milli komandası da onların arasında 44-cü yerdə qərarlaşdı. Xalların böyük hissəsinin(380) komandanın ən təcrübəli üzvü Əsədovun sayəsində əldə edildiyini nəzərə alsaq, seçimin niyə məhz o olması tamamilə aydınlaşır.

Yeganə azərbaycanlı!   Azərbaycan olimpiadalarda velosiped idmanı üzrə ilk dəfə "London-2012"də mübarizə aparıb. O vaxt əslən rusiyalı Yelena Çalıx yeganə təmsilçimiz idisə, Rio olimpiya komandamızın heyətində birdən-birə üç velosipedçi - Maksim Averin, Alyona Pavluxina və Olqa İsmayılova yer almışdı. İlk iki idmançının Ukrayna, İsmayılovanın isə Belarus məktəbinin yetirməsi olduğunu nəzərə alsaq, Əsədov ilk azərbaycanlı kimi olimpiadada iştirak hüququna yiyələnib.