Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq


Digərləri 14 Dek 2019 17:39:03 129 0

Fermerlərə aqrar kredit üçün müraciət imkanı yaradılacaq

Fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrar kredit almaq üçün müraciət edə biləcəklər.

Bakı. Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fermerlərə yaratdığı üstünlüklər təkcə aqrar subsidiyaların bu sistem üzərindən verilməsi ilə yekunlaşmır. Subsidiyaların verilməsi bu mexanizmin yalnız bir hissəsidir. Fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrar kredit almaq üçün müraciət edə biləcəklər. Trend-in məlumatına görə, bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Balakən, Zaqatala, Qax və Şəkidə EKTİS-in tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib. Nazir müavini bildirib ki, payızlıq əkinlərin bəyan edilməsi prosesi başa çatdıqdan və 2020-ci ilin büdcəsi açıldıqdan sonra subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı"na köçürüləcək: "Subsidiyaların əvvəlki illərdən fərqli olaraq ilin əvvəlində verilməsi fermerlərə təsərrüfat xərclərini qarşılamaq üçün imkan yaradacaq. Fermer subsidiya vəsaitinin 25 faizini nağdlaşdıra biləcək, 75 faizini isə nağdsız əməliyyatlar vasitəsilə EKTİS üzərində gübrə, toxum, herbisid, pestisid almaq və sair aqrar xidmətlər üçün istifadə edə biləcək. EKTİS-in əsas hədəflərindən biri aqrar sahəyə ayrılan subsidiyaların məhz kənd təsərrüfatı fəaliyyəti üçün istifadə olunmasıdır. Fermer bu vəsaiti məhz aqrar sahəyə yönəltməlidir, 75 faiz vəsaitin nağdsız əməliyyatlara yönləndirilməsinin məqsədi budur".