Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)


Digərləri 14 Dek 2019 17:24:23 144 0

Masallıda payız ağacəkmə kampaniyası keçirilib (FOTO)

ETSN meşə ilə örtülü ərazilərin genişləndirilməsi üçün ağacəkmə aksiyalarını davam etdirir.

Bakı. Ceyhun Ələkbərov - ETSN meşə ilə örtülü ərazilərin genişləndirilməsi üçün ağacəkmə aksiyalarını davam etdirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyası dekabrın 14-də Masallı rayonunda davam etdirilib. Trend-in məlumatına görə, elm xadimlərinin, kənd sakinlərinin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə keçirilən aksiya zamanı rayonun Güllütəpə kəndinin yaxınlığındakı boş meşə fondu torpaqlarının 20 hektar sahəsində, eyni zamanda, əvvəllər yanğına məruz qalmış meşə ərazisində meyvə və meşəcinsli tinglər əkilib, meşəcinsli ağacların toxumları səpilib. Ağacəkmədə iştirak edən Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, meşəbərpa tədbirləri həyata keçirməklə təbiətə töhfə verilir: "Həm də ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş təbiəti mühafizə və ekologiya elminin banisi, görkəmli alim, akademik Həsən Əliyevin xatirəsini yad etdik". Ağacəkmə aksiyasında iştirak edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, bu gün şəxsən özü 10 meyvə ağacı əkib: "Kəndə yaxın meşə ərazisində meyvə ağaclarının əkilməsi təqdirəlayiqdir. Çünki ağac əkdiyimiz ərazi kəndə çox yaxındır. Bir neçə ildən sonra kənd əhalisi əkilən ağacların meyvələrindən faydalanacaq. İnanırıq ki, insanlar bəhrələndikləri meyvə ağaclarını kəsməyəcəklər. Ona görə də meşə fondu sahələrində meyvə ağaclarının əkilməsini, ümumiyyətlə, boş meşə sahələrində aqrobağların salınmasını yüksək qiymətləndiririk. Akademik Həsən Əliyevin Azərbaycanda yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində mühüm xidmətləri olub. Sevindiricidir ki, bu gün onun meyvə ağaclarının əkilməsi və yeni yaşıllıqların salınması ideyaları davam etdirilir". Aksiyaya qatılan elm xadimləri ağac əkməklə həm ölkənin yaşıllaşdırılmasında, həm də akademik Həsən Əliyevin ideyalarının gerçəkləşdirilməsində pay sahibi olduqlarından qürur duyduqlarını bildiriblər.