Vətəndaş nikahı: Kişinin ehtiyacını ödəmək həvəsi, qadının Avropa həyat tərzi eşqi


Digərləri 14 Dek 2019 16:04:00 118 0

Vətəndaş nikahı: Kişinin ehtiyacını ödəmək həvəsi, qadının Avropa həyat tərzi eşqi

"Rəsmi nikahı olmayan qadınların ailədəki hüquqlarını bərpa etmək çox çətindir. Vətəndaş nikahı nə qadınların, nə də uşaqların hüquqlarının müdafiəsi üçün imkan yaradır. Digər tərəfdən, məsələyə müsbət yanaşan insanlar bunu qarşılıqlı şəkildə bir-birini tanımaq və daha sonra qərar verə bilməklə açıqlayırlar. Amma unutmaq lazım deyil ki, Avropada vətəndaş nikahları qanunla tənzimləndiyi halda, bizdə elə deyil".

Son.az xəbər verir ki, bu sözləri oxu.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova son vaxtlar qeyri-rəsmi şəkildə birlikdə yaşadıqları kişilər tərəfindən məişət zorakılığına məruz qalan qadınlarla bağlı sorğuya cavab olaraq deyib.

O bildirib ki, vətəndaş nikahında yaşayan gənclər Avropadakı vəziyyətə həvəs göstərir, lakin bu, heç də yaxşı hal deyil:

"Kiçik bir araşdırma etsəniz, görərsiniz ki, Avropada vətəndaş nikahı qanunla tənzimlənir. Bunun xüsusi prosedurları var. Həmin hüquqi qaydalara isə hər iki tərəf əməl edir, aidiyyəti dövlət orqanları tərəfindən müqavilə bağlanaraq uşağa qayğıdan tutmuş, əmlakın bölünməsinə qədər hər bir şey nəzərə alınır.

Azərbaycanda isə vətəndaş nikahı bu cür olmadığı üçün qadınlar zorakılığa məruz qalırlar. Statistik nəticələr, aparılan araşdırmalar da onu göstərir ki, qadınlar daha çox həyat yoldaşları və qeyri-rəsmi yaşadıqları kişilər tərəfindən şiddətə, zorakılığa məruz qalırlar. Hətta bir neçə faktlar var ki, bu zorakılıqlar ölümlə nəticələnir".

A.Veysəlova qeyd edib ki, vətəndaş nikahında yaşayan kişilər həmin qadınlara qarşı heç bir məsuliyyət duymur:

"Təəssüf ki, bizim cəmiyyətdə vətəndaş nikahında yaşayan kişilər qadına müəyyən ehtiyaclarını ödəmək üçün yanaşır. Belə olan halda təbii olaraq gələcəkdə heç bir halda məsuliyyətdən danışmaq olmaz.

Rəsmi nikahda olan qadınlarımız arasında da zorakılığa məruz qalanlar olur. Amma fərq ondadır ki, rəsmi nikah zamanı bu kimi hallarda qadın və uşaqların, eləcə də, bəylərin hüquqlarının müdafiəsi üçün müvafiq qanunlarla addım atmaq olur. Digər halda isə yox. Yaxşı olar ki, qadınlar münasibətlərini rəsmiyyətə köçürsünlər. Gələcəkdə həmin ailələrdə dünyaya gələcək uşaqların həm sənədlərində, həm də psixologiyalarında ciddi problemlər yaranır".