"Şahdağ" Turizm Mərkəzinin sədri: Qiymətlər 15 faiz endirilib (FOTO)


Digərləri 14 Dek 2019 13:06:00 149 0

"Şahdağ" Turizm Mərkəzinin sədri: Qiymətlər 15 faiz endirilib (FOTO)

Qonaqların şərhlərinə hər zaman diqqət edirik

Bakı. İlhamə İsabalayeva - "Qonaqların şərhlərinə hər zaman diqqət edirik. Bunu nəzərə alaraq, qiymət strategiyasında optimallaşma həyata keçirdik. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib". Trend-in məlumatına görə, bunu qış turizm mövsümünün açılışı münasibətilə keçirilən mətbuat konfransında "Şahdağ" Turizm Mərkəzinin sədri Rodderix Leffler deyib. Onun sözlərinə görə, istər yerli, istərsə də xarici turistlərin qış turizminə marağının artdığı müşahidə olunur. Dövlət Turizm Agentliyi yalnız Quba, Qusarda deyil, bütün ölkədə turizmin inkişafı üçün böyük işlər görür: "Çox sevinirik ki, qış mövsümü üçün xidmətlərin sırasına əlavə xidmətlər, məsələn, "avtoxizək" xidməti əlavə etmişik. Biz bu gün son 6 ildə ilk dəfə olaraq, 6 sürüşmə zolaqlarının hamısını aktiv etmişik. Bu, əvvəlki illərdə havanın temperaturuna görə mümkün olmamışdı". R.Leffler əlavə edib ki, yeni əyləncələr hesabına ötən illərlə müqayisədə yaxın həftələrdə "Şahdağ"a gələn turistlərin sayının 5 faizə yaxın artım olacağı gözlənilir. R.Leffler əlavə edib ki, turistlərin təhlükəsizliyi çox önəmlidir: "Müxtəlif fövqəladə hallar üzrə proqramımız, treninqlərdən keçmiş peşəkar işçilərimiz var. 7 gün, 24 saat çalışan klinikamız var. Bu klinikada yalnız təməl ehtiyaclar ödənilmir. Burada hətta cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Onu da qeyd edim ki, xizək sürmək üçün keçid kartlar alınan zaman artıq turistlər sığortalanır".