Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək (FOTO)


Digərləri 14 Dek 2019 12:34:53 220 0

Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək (FOTO)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir.

Bakı. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə məcburi köçkün yeniyetmə və gənclər arasında futzal turniri təşkil edir. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, dekabrın 13-də bu münasibətlə Dövlət Komitəsində turnirdə iştirak edəcək komandaların nümayəndələri ilə görüş keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev görüş iştirakçılarını salamlayaraq, qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yeniyetmələrin və gənclərin sağlam həyat tərzi keçirməsinin, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmasının vacibliyini qeyd edib. Bildirilib ki, artıq dünyada bir idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə dövlət qayğısı yüksək səviyyədədir. Ölkəmizdə qitə və dünya miqyaslı mötəbər idman tədbirlərinin təşkili, atletlərimizin müxtəlif beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanması bunun sübutudur. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, respublikanın, demək olar ki, hər yerində olimpiya idman kompleksləri, müasir idman qurğuları tikilib istifadəyə verilib, maddi-texniki baza möhkəmləndirilib. Bütün bunlar yeniyetmə və gənclərimizin fiziki və mənəvi sağlamlığın rəhni olan idmana marağını və bağlılığını daha da artırır. Qeyd edilib ki, məcburi köçkünlər arasında futzal turnirinin təşkili də ölkəmizdə idmana olan qayğının bariz nümunəsi kimi dəyərləndirilməlidir. Hər bir komanda üzvünə turnir müddətində keçiriləcək oyunlarda uğur arzuyalan komitə sədri, bu cür yarışların silsilə xarakteri daşıyacağını, gələcəkdə daha da təkmilləşdiriləcəyini qeyd edib.