“Aqrar Sığorta Fondu”nun Nizamnaməsi təsdiqləndi


Digərləri 14 Dek 2019 11:54:00 128 0

“Aqrar Sığorta Fondu”nun Nizamnaməsi təsdiqləndi

Nazirlər Kabineti "Aqrar Sığorta Fondu"nun Nizamnaməsini təsdiqləyib.

Son.az xəbər verir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir. Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri və hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı və maliyyə fəaliyyətinin əsasları, audit, uçot və hesabatların tərtibi və təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.