Mədəniyyət Nazirliyi Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur


Digərləri 14 Dek 2019 01:44:10 164 0

Mədəniyyət Nazirliyi Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur

Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir.

Bakı. BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESKO) və Yaponiya Hökumətinin birgə təşkilatçılığı ilə cari ilin 12-13 dekabr tarixlərində Yaponiyanın Kyoto şəhərində “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransı keçirilir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransın məqsədi turizm və mədəniyyət sektorları arasında birgə əməkdaşlığın inkişaf etdirilməsi və ortaq mədəni irsin qorunması üçün dövlət-özəl sektor tərəfdaşlığının artırılması yollarının araşdırılmasıdır. Konfransda Mədəniyyət Nazirliyini Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir. Konfransın açılış mərasimində UNESKO-nun baş direktorunun müavini Xinq Qu, BMÜTT-nin icraçı direktoru Manuel Butler, Yaponiya şahzadəsi Akiko Mikasa və Yaponiyanın torpaq, infrastruktur, nəqliyyat və turizm üzrə nazir müavini Hirofumi Kado çıxış edib. Çıxışlar zamanı müasir dövrdə mədəniyyətin və mədəni irsin rolu, həmçinin turizm məqsədilə səyahət edən insanların mədəniyyət məkanlarını ziyarət etməsi və mədəniyyət məhsullarından istifadə etməsi ilə bağlı birgə proqramların həyata keçirilməsi mövzularında fikirlər səsləndirilib.