Türkiyə ermənilərinin patriarx seçkiləri Əsas istək və məqsədlər


Dünya 13 Dek 2019 20:39:00 150 0

Türkiyə ermənilərinin patriarx seçkiləri  Əsas istək və məqsədlər

Son.az Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, Türkiyə üzrə mütəxəssis, beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru Cavid Vəliyevin Trend-ə müsahibəsini təqdim edir:

- Bildiyiniz kimi, 8 və 11 dekabr tarixlərində Türkiyə ermənilərinin patriarxının seçilməsi üçün seçkilər keçirildi və seçkilərdə Maşalyan qalbi gəldi. Lakin onu da bilirik ki, Türkiyədə yeni erməni patriarxının seçilməsi məsələsi geniş müzakirə mövzusu idi. Seçilən Maşalyan haqqında soruşmadan əvvəl bilmək istərdim ki, bu müzakirələr nədən qaynaqlanırdı?

- Əvvəla onu bildirim ki, seçkidə iki erməni ruhani namizəd vardı. Biri Aram Ateşyan və digəri Maşalyan. O ki qaldı patriarx seçkiləri niyə maraq kəsb edirdi?! Türkiyə ermənilərinin yeni patriarxı seçmə prosesi 2008-ci ildə 84-cü Patriarx Mesrop Mutafyanın ağır xəstəliyə tutulması ilə başladı və 11 il ərzində həm Türkiyə ermənilərinin öz içində, həm də Türkiyə dövləti ilə Ermənistan və diaspora ermənilərinin dəstəklədiyi namizəd arasında uzun bir mübarizə ilə sonlandı. Mesrop Mutafyanın ağır xəstə olması səbəbi ilə 2010-cu ildən etibarən Baş yepiskopos Aram Ateşyanın patriarx vəkili olaraq Türkiyə hökuməti tərəfindən təyin olundu və yeni patriarx seçilənə qədər Ateşyan idarə etdi. Ateşyanın Türkiyə milli maraqlarına təsir edən bir çox məsələdə mövqeyi Türkiyə dövləti ilə üst-üstə düşürdü. Məsələn, 1915-ci il hadisələri haqqında və "Sülh Mənbəyi" əməliyyatında Türkiyə dövlətinin tezislərini dəstəkləyirdi. Almaniya Bundestaqının 2016-cı ilin iyun ayında sözdə erməni soyqırımını tanımasından sonra Prezident Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, bu cür qərarların xarici dövlətlərin Türkiyəni və Türk millətini günahlandırmaq və cəzalandırmaq üçün bir vasitə olaraq istifadə etdiyini və türk-erməni münasibətlərinə zərər verdiyini yazmışdı.

Digər tərəfdən, Türkiyədə yaşayan bir qrup erməni xüsusən millətçi və diasporanın görüşlərini müdafiə edən ermənilər Mutafyan ölmədən seçkilərin keçirilməsini istəyirdi. Burada onların iddiası bundan ibarət idi ki, guya Ateşyanı ermənilər seçməyib və keçmiş patriarx Mutafyan da xəstə olduğu üçün idarə edə bilmir. Amma zənnimcə əsas məsələ ondan ibarət idi ki, Ateşyan Türkiyə vətəndaşı olaraq dövlətinin maraqlarını müdafiə edirdi və bu da millətçi ermənilərin maraqlarına uymurdu. Bunun üçün hətta imza kampaniyası başladıb Mutafyan ölmədən, patriarxlıq seçkilərinin keçirilməsi üçün beynəlxalq aləmdə dəstək və tələblərinin leqallığını göstərmək istədilər. Lakin qanunlar patriarx ölmədən seçkilərin keçirilməsinə icazə vermirdi.

- Məlumdur ki, Türkiyə erməniləri kilsəni milli kimliyin qorunmasında mühüm qurum hesab edirlər. Onlar üçün strateji əhəmiyyətə malik olan bu mərkəzə seçkilər zamanı erməni diasporu və Ermənistan hökumətinin müdaxilə cəhdləri baş verdimi?

- Bu sual olduqca yerində bir sualdır. Çünki dünyada yaşayan erməni diasporu və Ermənistan üçün Türkiyə olduqca vacibdir. Türkiyəni ermənilər üçün əhəmiyyətli edən 2 vacib məsələ var. Birincisi, 1915-ci il hadisələrinin məhz Türkiyənin özü tərəfindən qəbul olunmağını istəyirlər. İkincisi, Dağlıq Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstək verməsi onları narahat edir. Bu səbəbdən diaspora erməniləri və Ermənistan Türkiyədə yaşayan ermənilərin nəzarətini öz əlinə almaq istəyir. Burada isə kilsə vacib rol oynayır, sizin də qeyd etdiyiniz kimi. Daxildə diaspora erməniləri və Ermənistan adına bu prosesi aparan Xalqların Demokratiya Partiyasının erməni millət vəkili Qaro Paylan və Aqos qəzeti idi. Qaro Paylanın istər diaspora erməniləri, istərsə də Ermənistanla çox yaxın əlaqələri var. Aqos qəzeti isə Qrant Dinkin öldürülməsindən sonra Türkiyədəki millətçi və diasporaya yaxın ermənilərin əlinə keçib.

Bunlar Türkiyə dövlətinin razılığı olmadan bir seçki keçirdilər. Lakin İstanbul icra hakimiyyəti bu seçkilərin nəticəsini tanımadı və ləğv etdi. Seçkilərdən əvvəl 2 erməninin namizədliyini dəstəklədirlər. Biri Almaniya ermənisi olan Karegin Bekçiyan, digəri isə Ermənistan ermənisi olan Sebuh Çulciyandır. Prosesdən belə başa düşmək olar ki, əsas hədəf Ermənistandan gələn Sebuh Çulciyanı patriarx seçdirmək yolu ilə kilsəni özləri üçün təbliğat vasitəsinə çevirmək və Türkiyə ermənilərinə nəzarəti gücləndirmək olmuşdur.

- Bəs, Türkiyə qanunlarında bu məsələ necə öz əksini tapıb?