Britaniya səfirliyi "Study UK Alumni Awards 2019"un qaliblərinin adlarını açıqlayıb


Siyasət 13 Dek 2019 19:00:00 124 0

Britaniya səfirliyi "Study UK Alumni Awards 2019"un qaliblərinin adlarını açıqlayıb

Qaliblər iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri böyük nailiyyətlərin, eləcə də Britaniya-Azərbaycan əlaqələrinin gücləndirilməsinə verdikləri töhfələr nəzərə alınmaqla seçilib

Britaniya Şurası (British Council) və Böyük Britaniyanın Azərbaycandakı səfrliyi "Study UK Alumni Awards 2019"un qaliblərinin adlarını açıqlayıb.

"Report" xəbər verir ki, qaliblər üç nominasiya (Peşəkar nailiyyət; Sahibkarlıq mükafatı; Sosial təsir mükafatı) üzrə iş adamı, sahibkar və ictimai xadim kimi əldə etdikləri böyük nailiyyətlərin, eləcə də Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə verdikləri mühüm töhfələr nəzərə alınmaqla "şort-list"ə düşən 10 namizəd arasından seçilib.

"Study UK" məzun mükafatlarının finalçılarını seçmək həddən artıq çətin idi. Azərbaycanda Böyük Britaniyada təhsil almış və əldə etdikləri bilik və bacarıqlardan ölkələrinin inkişafını dəstəkləmək üçün istifadə edən bir çox istedadlı insan var. Onların hamısını alqışlayır və hər birinə böyük uğur arzu edirəm", - Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qaliblərin elan edildiyi mərasimdə deyib.

"British Council" təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah,öz növbəsində, qeyd edib ki, bu ilin finalçıları yalnız Britaniya məzunlarının müxtəlifliyinin və onların göstərdiyi səyin deyil, həm də Birləşmiş Krallığın təhsil sisteminin dünyanı dəyişən gücünün dəlilidir.

Bu nüfuzlu beynəlxalq mükafat Birləşmiş Krallığın ali təhsil imkanlarını və bütün dünyadakı Birləşmiş Krallıq məzunlarının nailiyyətlərini qeyd etmək üçün nəzərdə tutulub. Təqdim edildiyi beşinci ildə bu mükafatı əldə etmək üçün 100-dən çox ölkədən olan və Birləşmiş Krallığın 120-dən artıq ali təhsil müəssisəsini təmsil edən 1200-dən artıq Birləşmiş Krallıq məzununun ərizəsi daxil olub.

"Study UK Alumni Awards"un hər kateqoriya üzrə qalibi 3000 funt sterlinq (6700 manat) məbləğində mükafat əldə edəcək. Onlar bu vəsaiti öz seçimləri əsasında peşəkar inkişaf imkanlarına xərcləyəcək.