Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub FOTO


Digərləri 13 Dek 2019 13:41:00 127 0

Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub  FOTO

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.

İşçi Qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. İşçi Qrupun həmsədrləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun (SAGİA) Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Bədir əl-Müfqainidir.

Son.az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq qurumlarının iştirakı ilə keçirilmiş iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişafına və İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə tədbirlərin təşkilinə, iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı məlumat mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının Agentliyin strukturuna daxil olan KOB İnkişaf Fondunda iştirak imkanlarına, qarşılıqlı biznes missiyaların təşkilinə dair müzakirələr aparılıb. İclasın sonunda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi İşçi Qrupun həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGİA-nın sədr müavini İbrahim Al-Suavi imzalayıblar.

İşçi Qrupunun iclası çərçivəsində KOBİA nümayəndə heyəti Səudiyyə Ərəbistanın KOB-lara xidmət və dəstək göstərən bir sıra qurumlarında görüşlər keçirib. Səudiyyə İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Kiçik və Orta Müəssisələr Baş İdarəsi, Baş İnvestisiya Qurumu (SAGİA), Ər-Riyad Ticarət və Sənaye Palatası və Dövlət İnvestisiya Fondunun rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib