Pomidor “müharibəsi” yenidən qızışır:


Digərləri 12 Dek 2019 20:29:00 136 0

Pomidor “müharibəsi” yenidən qızışır:

Rusiya gələn ilin aprelindən etibarən pomidor idxalı qadağan etməyi planlaşdırır. Lakin bu qadağa yalnız büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan pomidor məhsullarına şamil ediləcək. 

Bu isə o deməkdir ki, Rusiya artıq növbəti ildən etibarən dövlət vəsaiti hesabına büdcə təşkilatlarının ehtiyacları üçün xaricdən pomidor alınmasına son qoyacaq. Bununla əlaqədar olaraq büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan malların siyahısına müvafiq düzəliş ediləcək.

Ölkənin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsəsən, belə bir addımın atılmasında məqsəd yerli istehsalı dəstəkləmək və istixana tərəvəzçiliyini inkişaf etdirməkdir.

Azərbaycanda neftdən sonra ən çox valyuta gətirən sahələrdən biri məhz pomidor ixracıdır. Pomidor ixracının böyük hissəsinin də məhz Rusiyanın payına düşdüyünü nəzərə alsaq, qonşudakı bu qərarın bizə təsir edib-etməyəcəyi sual doğurur.

Son.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Sputnik Azərbaycan-a açıqlamasında öncə Azərbaycanın pomidor ixracı potensialından söz açıb: "Ötən il Azərbaycandan Rusiyaya 172 min ton pomidor ixrac olunub ki, bu da ümumi dəyərdə 177 milyon dollar təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan bu ölkəyə 139,5 min ton pomidor ixrac edilib ki, onun da dəyəri 147 milyon dollar olub".

F.Fikrətzadənin sözlərinə görə, bu gün Azərbaycan pomidorunun 99 faizi Rusiyaya satılsa da, bu qərar ölkəmizə demək olar ki, təsir etməyəcək: "Çünki burada söhbət büdcə hesabına dövlət və bələdiyyə ehtiyacları üçün xaricdən alınan mallardan gedir. Bu cür təşkilatlar bizim pomidorun alıcılığında 2-3 faizlik paya sahibdirlər. Bu isə o deməkdir ki, həmin qərar digər istehlak bazarına təsir etməyəcək".