Bakıda 100 manata görə 18 yaşlı Mehdini öldürən qatil


Kriminal 12 Dek 2019 20:14:00 121 0

Bakıda 100 manata görə 18 yaşlı Mehdini öldürən qatil

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Cavid Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bu məhkəmə prosesi insan həyatının get-gedə necə ucuzlaşdığına, 3-5 manat borca görə bıçağa əl atıb adam öldürənlərin sayının necə artmasına dair növbəti sübutdur. Belə görünür ki, əlibıçaqlı dolaşıb hər xırda mübahisəyə görə adam öldürməyə hazır olan gözünü qan örtmüşlər "bir neçə illik həbsxana romantikasından sonra" azadlığa çıxacaqlarını bəribaşdan gözə alırlar.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, indiki halda qətlə səbəb tərəflər arasında pula-cəmi 100 manata görə yaranmış mübahisə olub. Mübahisə zamanı Cavid ov bıçağı ilə 18 yaşlı Mehdini qətlə yetirib. İstintaq araşdırması zamanı məlum olub ki, Mehdi Cavidin tanıdığı qızdan telefon alıb, amma pulun 100 manatını ödəməyib. Elə insident də bu üzdən baş verib.

Məhkəmədə şahid qismində təqsirləndirilən Cavid Hüseynovun həyat yoldaşı Hökumə Hüseynova dindirilib. O, ifadəsində zərərçəkmişi tanımadığını, hadisədən sonradan xəbər tutduğunu deyib: "Polisdən zəng vurub Cavidi soruşdular. Dedilər, mütləq polis idarəsinə gəlsin. Gecə Cavidin özünə yazdım, dedim, səni axtarırlar. Dedi ki, bir nəfərlə dalaşmışam, gəlib özüm təslim olacağam".

Şahidin ifadəsinə görə, ertəsi gün C.Hüseynov azyaşlı uşağı ilə görüşmək üçün evə gəlib. Övladı ilə  görüşdükdən sonra isə polis idarəsinə yollanıb: "Mənə dedi ki, söyüş söydüyünə görə onu vurmuşam".

Məhkəmə şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.  

Qeyd edək ki, hadisə baş verən zaman mərhumun anası Məşhəd ziyarətində olub. O, oğlunun öldürüldüyünü ölkəyə qayıtdıqdan sonra bilib.